Jurnalist Aytac Tapdığın anasının ölkədən çıxışına qadağa qoyulub

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Meydan TV-nin hazırda həbsdə olan jurnalisti Aytac Tapdığın (Əhmədova) anası Dilrubə Amanovanın Azərbaycandan çıxışına qadağa qoyulub.

Bu barədə məlumatı Meydan TV-yə Dilrubə Amanova özü verib. O, xaricdə yaşayan digər qızı ilə görüşmək üçün səfər etmək istəsə də, Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Dilrubə Amanovanın sözlərinə görə, ilk hadisə aprelin 30-da baş verib. Səhər saat 07:30-da Berlinə uçmalı olan vətəndaş bütün ilkin prosedurlardan keçsə də, pasport nəzarəti zamanı problemlə üzləşib:

“Gömrük əməkdaşı pasportumu yoxlayarkən ona zəng gəldi. Telefonda kiməsə “mən buraxmamışam” deyə cavab verdi. Sonra mənə ölkədən çıxışıma “stop” qoyulduğunu bildirdilər. Səbəbini soruşanda, bunun Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tətbiq edildiyini, lakin detalların onlara məlum olmadığını dedilər”.

Hadisədən sonra vəkili vasitəsilə məsələni araşdıran Dilrubə Amanovaya qadağanın Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qoyulduğu bildirilib. Bir neçə gün sonra vəkil qadağanın artıq sistemdən götürüldüyü xəbərini verib. Dilrubə Amanova da bundan sonra mayın 12-nə yenidən Berlinə bilet alıb. Lakin hava limanında eyni ssenari təkrarlanıb. Gecə saatlarında yenidən sərhəd nəzarətinə yaxınlaşan jurnalistin anası, aprelin 30-da onu yoxlayan eyni əməkdaşla qarşılaşıb. Pasportu təqdim edən kimi əməkdaşa yenidən zəng gəlib və ona ölkəni tərk edə bilməyəcəyi yenidən elan olunub.

Dilrubə Amanova heç bir banka və ya dövlət qurumuna borcunun olmadığını, qadağanın qanunsuz olduğunu vurğulayır. O, bu məhdudiyyəti qızının jurnalist fəaliyyəti və hazırkı həbsi ilə əlaqələndirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığımız sorğular cavabsız qalıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da saxlanılıb. Ona və “Meydan TV işi” üzrə saxlanılan digər jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb. Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətJurnalist Aytac Tapdığın anasının ölkədən çıxışına qadağa qoyulub