Artıq bir ildən çoxdur ki, Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet resurslarına ölkə xaricindən giriş məhdudlaşdırılıb. Belə ki, Dövlət satınalmalarının vahid internet portalı – www.etender.gov.az, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytındakı Xidmətlər bölməsi – www.e-taxes.gov.az xaricdən açılmır.

Bu məhdudiyyətin tətbiqi ilə bağlı rəsmi izahat verilməsə də, ehtimal olunur ki, bu addım ölkə xaricində fəaliyyət göstərən araşdırmaçı jurnalistlərin işini çətinləşdirmək məqsədi daşıyır. Xüsusilə də hakimiyyət nümayəndələrinin, yüksək vəzifəli məmurların və onların ailə üzvlərinin biznes fəaliyyəti, mümkün korrupsiya halları və maliyyə axınları ilə bağlı araşdırmalar aparan jurnalistlər üçün bu cür resurslar əsas məlumat mənbələrindən hesab olunur.
Son illərdə ölkədə müstəqil jurnalistika mühitinin ciddi şəkildə zəiflədiyi də qeyd olunur. Media nümayəndələri, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bildirirlər ki, ölkədəki müstəqil jurnalistlər ya həbs olunub, ya da təzyiqlər səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. Nəticədə araşdırma jurnalistikası ilə məşğul olanların əhəmiyyətli hissəsi hazırda xaricdə fəaliyyət göstərir.
Araşdırmaçı jurnalistlər Meydan TV-yə açıqlamalarında bildirirlər ki, məhdudiyyət uzun müddətdir qüvvədədir və onların fəaliyyətinə ciddi maneələr yaradır:
“Halbuki Azərbaycan qanunvericiliyində bu resursların ictimaiyyətə açıq olmalı olduğu ilə bağlı maddələr mövcuddur. Hakimiyyət özü yaratdığı, istifadəyə verdiyi mənbələrə qadağalar qoymaqla bir növ qanunsuzluqların aşkara çıxarılmasına maneələr törədir”.
Azərbaycan qanunvericiliyi isə dövlət orqanlarının fəaliyyətinin şəffaflığını və ictimaiyyət üçün açıq olmasını birbaşa tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən, hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bundan əlavə, “İnformasiya əldə etmək haqqında” qanunda informasiya sahiblərinin üzərinə konkret öhdəliklər qoyulur. Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları ictimai əhəmiyyətli məlumatları açıqlamağa borcludurlar. 29-cu maddədə isə qeyd olunur ki, informasiya sahibləri internet informasiya ehtiyatları vasitəsilə məlumatların mütəmadi, sərbəst və maneəsiz əldə olunmasını təmin etməlidirlər. Qanunun 30-cu maddəsinə əsasən, dövlət orqanlarının fəaliyyəti, o cümlədən maliyyə əməliyyatları, dövlət satınalmaları və vergi sahəsinə dair məlumatlar açıq informasiyaya aid edilir və məhdudlaşdırıla bilməz.
Eyni zamanda, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu da satınalma proseslərinin şəffaf və açıq şəkildə həyata keçirilməsini, bu sahədə məlumatların ictimaiyyət üçün əlçatan olmasını tələb edir.
Beləliklə, ekspertlər hesab edirlər ki, dövlət qurumlarının rəsmi internet resurslarına xaricdən girişin məhdudlaşdırılması həm şəffaflıq prinsiplərinə, həm də mövcud qanunvericiliyin tələblərinə ziddir və ictimai nəzarət imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə mövzu ilə bağlı rəsmi sorğu göndərməyimizə baxmayaraq, indiyədək sorğumuza cavab təqdim olunmayıb.
