Bu gün Tovuz Rayon Məhkəməsində fəaliyyətini dayandırmış Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevin yekun məhkəmə prosesi keçirilib və onun barəsində hökm oxunub.
Məhkəmənin hökmünə əsasən Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan öncə dövlət ittihamçısı onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Hacı Vəliyev mediada və sosial mediada şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.
O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ötən il martın 31-də gecə saatlarında saxlanılıb. 2025-ci il martın 18-də isə Vəliyev polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Həmin vaxt Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.
Onun həbsindən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Hacı Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı saxlanılıb.
“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb. 2025-ci il mayın 28-də Birliyin İdarə Heyəti bəyanat yayaraq fəaliyyətini dayandırdığını açıqlayıb.