ABŞ Senatının qəbul etdiyi qətnamədə Azərbaycanda həbsdə olan jurnalistlərin adı qeyd olunub

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

ABŞ Senatı 3 may Dünya Mətbuat Azadlığı Günü ilə bağlı qətnamə qəbul edib. 

Qətnamədə Azərbaycanda həbsdə olan AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı və AzadlıqRadiosu-nun jurnalisti Fərid Mehralızadənin də adı qeyd olunub.

Qətnamədə bildirilir ki, dünyada söz azadlığına və mətbuata qarşı artan təhlükələri tanıyır və bunu ciddi problem kimi qəbul edir.

Həmçinin sənəddə jurnalistlərin dünyada artan təhlükələrlə üzləşdiyi bildirilib və vurğulanır ki, xüsusilə münaqişə zonalarında və avtoritar rejimlərdə çalışan media nümayəndələri zorakılıq, təzyiq, həbs və ölüm riski ilə qarşılaşırlar.

Qətnamədə qeyd olunur ki, son illərdə yüzlərlə jurnalist həbs edilib və ya təqibə məruz qalıb ki, bu da mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini göstərir.

Senat sənəddə azad və müstəqil medianın demokratik cəmiyyət üçün həyati əhəmiyyət daşıdığını bir daha təsdiqləyib. Bildirilib ki, jurnalistlər cəmiyyətə doğru və obyektiv informasiyanın çatdırılmasında mühüm rol oynayırlar və mətbuat azadlığı insan hüquqları ilə yaxşı idarəetmənin əsas elementlərindən biridir.

Qətnamədə həm ABŞ-də, həm də beynəlxalq səviyyədə mətbuat azadlığının qorunmasına dəstək verilməsi və jurnalistlərə qarşı hücumların qəti şəkildə pislənməsi çağırışı yer alıb.

Azərbaycanda hazırda 30-a yaxın jurnalist həbsdədir. Müstəqil mediaya qarşı repressiyalar 2023-cü ildə AbzasMedia-nın jurnalistlərinin həbsi ilə başlayıb. 

2023-cü ilin noyabrından etibarən AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Daha sonra Toplum TV və Meydan TV jurnalistləri həbs edilib. Hazırda onların məhkəmələri davam edir.

Ana səhifəSiyasətABŞ Senatının qəbul etdiyi qətnamədə Azərbaycanda həbsdə olan jurnalistlərin adı qeyd olunub