İlham Əliyev Avropa Parlamenti və AŞPA-nı tənqid edib: “Bu, bir növ obsesiyadır”

Foto: president.az

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edib.

Prezident çıxışında əsasən Avropa institutlarının Azərbaycan-Ermənistan sülh prosesinə münasibətini tənqid edib və xüsusilə Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) hədəfə alıb.

İlham Əliyev bildirib ki, bütün Avropa institutları sülh prosesinə Avropa Komissiyası ilə eyni yanaşmanı nümayiş etdirmir:

“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim. Bütün Avropa institutları eyni yanaşmanı nümayiş etdirmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır”.

Prezident xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb.

“2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. Biz 1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz icra etdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”.

İlham Əliyev deyib ki, bu addım “ikili standartların” göstəricisidir:

“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Prezident çıxışının ən sərt hissəsini isə Avropa Parlamentinə yönəldib. Onun sözlərinə görə, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə “onu sabotaj etməyə yönəlir”.

“Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir”.

İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, 2021-ci ilin mayından 2026-cı il 30 aprelədək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib:

“Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib”.

O, Avropa Parlamentini Azərbaycanı “hədəf almaqda” və “böhtan və yalanlar yaymaqda” ittiham edib:

“Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır”.

Prezident qeyd edib ki, buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlayıb.

İlham Əliyev çıxışında Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başladığını da vurğulayıb və sülhün artıq “reallıq” olduğunu deyib.

Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan liderləri birgə bəyannamə imzalayıblar:

“Biz cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”.

Prezident həmçinin bildirib ki, sülhdən sonra Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırıb və artıq ölkəyə 28 min ton yük daşınıb.

Bununla yanaşı, Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistana ilk dəfə neft məhsulları ixrac etməyə başlayıb:

“Azərbaycan daha da irəli gedərək ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel tədarükünə başlayıb və bununla da ticarət əlaqələrinin əsasını qoyub. İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub”.

Çıxışının sonunda İlham Əliyev Ermənistanın Baş naziri Nikol Pashinyan-ı sammitin təşkili münasibətilə təbrik edib və Azərbaycanın “sülh gündəliyinə sadiq qaldığını” bildirib.

Ana səhifəSiyasətİlham Əliyev Avropa Parlamenti və AŞPA-nı tənqid edib: “Bu, bir növ obsesiyadır”