Meydan TV içi üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır :
3 May Jurnalistlərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür. Azərbaycanda bu gün dövlət nəzarətində olan jurnalistlərin bayramı kimi keçirilir. Yəni nazirliklər onları ilboyu tərifləyən jurnalistlərə konvertdə “şirinliklər” göndərəcəklər, şirkətlər isə bahalı hədiyyələr pay verəcəklər ki, sosial şəbəkələrdə mirzələr onları tərifləsin. Medalyonun digər üzündə isə müstəqil mətbuatı müdafiə edən müxbirlər işsizlik və daimi həbs qorxusu ilə yaşamağa çalışırlar. Mənim kimi şanssız onlarla media əməkçisi isə zindanda İlham Əliyevin bizlərə rəhmi gəlib, əfv sərəncamı imzalayacağı günü ümidlə gözləyir. Çox şükür, Əliyevin mərhəmətinə möhtac qalmasaq da insanın doğmalarından ayrı keçirdiyi hər gün ona ikiqat əzabdır. Çünki bizimlə yanaşı onlar da azadlıqda eyni iztirabı bölüşürlər.
Artıq ikinci ildir ki, bu günü zindanda qeyd edirəm. Tək təsəllim həmkarlarımı yalnız qoymamaqdır.
Dövlətin gözündə müstəqil jurnalistlər “xuliqan”, “narkobaron”, “razborşik” və ən əsası “qaçaqmalçıdır”. Biz “qaçaqmalçıların” bəxti digərlərinə nisbətən onda gətirib ki, beynəlxalq təşkilatlar bizi siyasi məhbus kimi tanıyır, vəkillərimiz var və ən əsası heç kim bizim cinayətkar olduğumuza inanmır. Lakin bizimlə eyni talehi bölüşən və siyasi məhbus kimi tanınmayan yüzdən çox media əməkçisi hazırda həbsdədir. Əsasən “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ilə həbs edilən bu şəxslər keyfiyyətli vəkil xidmətindən məhrumdurlar. Onların işləri nəinki Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmir, heç dövlət hesabına təyin olunmuş vəkillər apellyasiya şikayəti verməyə belə tənəzzül etmirlər. Ölkədə hüquq müdafiəçiliyi institutunun vəziyyətini izah etməyə ehtiyac duymuram. İqtisadi çətinliklər fonunda bir qismi ölkəni tərk etməyə məcbur olub, qalanları isə həbsdədir.
Gənc hüquqşünaslardan kimsə bu sahəyə cüzi maraq göstərəndə də “Vəkillər Kollegiyası” Damokl qılıncını əlinə alıb başlarını kəsdirir. Belə bir şəraitdə mənim kimi populyar siyasi məhbuslar belə effektli şəkildə müdafiə olunmursa, bu bədbəxtlərin ümidi yalnız Allaha qalıb.
Bu gün ölkədə 50 yox, 550 media əməkçisi həbsdədir. Bəziləri burada mənə yaxınlaşıb qanunsuz həbslərini ictimailəşdirmək üçün jurnalist nömrəsi istəyirlər. Onlara təəssüflə bildirirəm ki, “çöldə dərdini danışmağa müxbir qalmayıb”. Hazırda üç redaksiyanın məhkəmə proseslərini işıqlandırmağa bir dənə də olsun müxbir tapılmır. Qaldı ki, tanınmayan şəxslərlə maraqlanan olsun.
2023-cü ilin dekabr ayında yaxın dostum Teymur Kərimov “bandotdel” tərəfindən “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ilə həbs edildi. Onun öz işçisini əleyhinə etmədiyi cinayətə görə ifadə verməyə məcbur etdilər. Bir neçə üzəduran da tapdılar ki, Kərimovun onlardan pul aldığını bildirsin.
Həmin dövrdə mən ölkəni tərk etməyə məcbur qaldım. Bilirdim ki, bu cinayət işinə məni də calayacaqlar və ən yaxşı halda Teymurun əleyhinə ifadə verməyimi, jurnalistika fəaliyyətimi dayandırmağımı və onlara işləməyimi tələb edəcəklər. Digər tərəfdən bunlardan imtina etsəm, məni də həmkarlarımın talehi gözləyir. Məsələ həmin dövrdə həbsdən qorxmağım deyil, mən də həbs olunsaydım “Kanal 11” və “Portagal Media” internet televiziyaları fəaliyyətini dayandıracaqdı. Dövlətin elə ən əsas məqsədi də budur ki, bizi həbsdə saxlamaqla işlədiyimiz kanallar fəaliyyətini dayandırsın.
Tbilisidə olduğum vaxt kanallara nəzarət etməklə yanaşı Teymurun həbsini yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdım. Məndən daim bu sual soruşulurdu: “Sən əminsən ki, Teymur kimdənsə zorla pul almayıb?”. Heç kim ölkədə müxbirlərin narkobaron və ya qaçaqmalçı olduğuna inanmır. Lakin “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ortalığa gələndə selektiv yanaşma başlayır. Ən yaxşı halda hüquq müdafiəçiləri məhkəmə hökmünü gözləyirlər ki, bizi “media məhbusu” adlandırsınlar. Həmin dövr mən ölkədə qalsaydım Teymurla eyni taleyi bölüşəcəkdim. Bu kontekstdə özümü şanslı sayıram.
Teymurun məhkəməsinə gəldikdə isə əleyhinə ifadə vermiş şəxslər məhkəmədə şikayətlərinin olmadığını, polis təsiri ilə yalan ifadə verdiklərini bildirdilər. Yalnız işçisi həbs olunmamaq üçün yalan danışdı. Dövlət ittihamçısı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Bununla belə hakim 8 il hökm oxudu. İş o qədər biabırçılıqla yekunlaşdı ki, Apellyasiya Məhkəməsi qərarı ləğv etdi, Ağır Cinayətlər Məhkəməsi cəzanı 1 il azaltdı, Ali Məhkəmə isə 2 il götürməyə məcbur oldu. Avropa İnsan Hüquqları Məhkəməsinə göndərmişik. Onlar da, Allah bilir, neçə il sonra qərar çıxaracaqlar.
Biz neçə cümlə ilə izah etdiyim proses sizə asan gəlməsin. Hər bir mərhələ üçün vəkillə ayrı müqavilə bağlamaq lazımdır. Teymurun yoldaşı Aynur bilmirdi ki, əlində olan pulla üç övladına baxsın, ərinə sovqat aparsın, yoxsa vəkillə müqavilə bağlasın.
Bu danışdığım hekayə “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ilə həbs edilmiş yüzdən çox media əməkçisinin arasında ən şanslılardan birinə aiddir. Digərlərinin hekayələri bundan qat-qat ağırdır. Bu şəxslər məhkəməyə qədər həbsdə saxlanılmaqla, dövlətin təyin etdiyi vəkillərin işlərinə ehtinasızlıqla yanaşması ilə hakimlərin qarşılarına gələn cinayət işlərini notarius kimi təsdiqləməsi ilə ədalətli məhkəmə araşdırması hüququndan məhrum olunurlar. Siyasi məhbus kimi tanınıb azadlığa buraxılmaları isə demək olar ki, müşkilə çevrilib.
Yaxın bir neçə ildə bizi müdafiə edən vəkillər də gəlməyəcək. Ya kollegiya tərəfindən lisenziyaları ləğv ediləcək, ya da artıq işlərimizə çıxmaqdan imtina edəcəklər. Həmin vaxt artıq 3 Mayı yerli mətbuatın simvolik anım günü kimi qeyd edəcəyik. Bu gün yerli mətbuat sağalmaz xəstəliyə düçar olmuş pasiyentə bənzəyir. Hamı bu yaxınlarda öləcəyini bilir, amma əlimizdən heç nə gəlmir. Mənim ən çox heyfim idealist jurnalistika tələbələrinə gəlir. Nə ümidlərlə qəbul olduqları fakültəni bitirəndən sonra özlərini realizə etməyi bacaracaqları məkan tapmayacaqlar. İşləyənlərin yeganə yeri dövlət nəzarətində olan mətbuat olacaq, orada da Prezident Administrasiyasından gələn tezisləri işləməkdən ibarət olacaq. Bu haradasa beyin cərrahının aptekdə işə düzəlməyinə bənzəyir.
İlham Əliyevin prezident olduğu ölkədə mətbuat hələ bu qədər uzun müddət ayaq üstə qalmağı bacarıbsa, bunu böyük uğur saymaq olar. Ən azından gələcək nəsillər biləcək ki, azad söz uğruna sonunadək mübarizə aparmışıq. Yıxılmamışıq, amma ayaqda da deyilik. Mətbuatımızın bu günü acınacaqlı vəziyyətdədir. Ölkə daxilində nə müstəqil redaksiya qalıb, nə də ki, orada işləyən azadlıqda müxbir. Heç xalqın da marağında deyil qarşılaşdığımız vəziyyət. Bizim halımıza xaricilər daha çox yanır, nəinki öz qohum-əqrabamız. Hətta hazırda müharibə şəraitində olan Rusiya və İranda belə vəziyyət bizdən yaxşıdır. Belə bir şəraitdə “bayramı” qeyd edirik. Sanki ölmüş bir insanın ad gününə yığışmışıq.
Bu qədər çətin şəraitdə mübarizə aparmağa davam edirik. Zindandan yazırıq, peşəmizə yenidən qovuşacağımız günü səbirsizliklə gözləyirik. Əlimiz qandalda olsa da, qələmimizi müsadirə etməyi bacarmayıblar. “Meydan” var olduqca, biz də varıq!
Nurlan Libre