Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından yazır:
“Dünyada azad mətbuat yoxdur” deyən bir liderin idarə etdiyi ölkənin həbsxanasında oturub Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə yazı yazmağın nə qədər absurd olduğunun fərqindəyəm. Bəli, İlham Əliyev öz əməlinə belə haqq qazandırır: azad mətbuatı susdurmaq üçün jurnalistləri həbsə atır, ölkədə hər kəsin ifadə azadlığını boğur və deyir ki, bu azadlıq heç dünyada yoxdur.
Yaddaşımız o qədər də korşalmayıb, İlham Əliyevin bir neçə il öncə ölkədə mətbuat və internet azadlığının olduğunu hər çıxışında söylədiyini yaxşı xatırlayırıq. Prezidentə görə “dünya bizim evimizdir, bizdə yoxdursa, dünyada da yoxdur”.
Azad mətbuatla asılı mətbuatın arasındakı fərqi qısa şəkildə izah edim, cənab Əliyevin fikirlərini ayə kimi qəbul edənlər də hali olsun. Jurnalistika öz qaydaları, strukturu olan bir peşədir. Azadlıq da ağzına gələni yox, aşkara çıxardıqlarını, dəqiqləşdirib əmin olduğun informasiyanı yazarkən maneə ilə üzləşməməkdir. Azad mətbuat dövlət büdcəsindən, ayrı-ayrı məmurların öz mənafei üçün ayırdığı qara pullarla maliyyələşmir. Bu əsas şərti Azərbaycan da 2001-ci ildə Avropa Şurasına üzv olarkən öhdəlik kimi götürüb.
Azad mətbuat yalnız reklamlarla, məhsulun satışı ilə və ya media üzrə ixtisaslaşmış fondların maliyyələşdirdiyi layihələrlə, eləcə də ianələrlə ayaqda durur. Demokratiyanın yeni qurulduğu və ya diktaturanın hökm sürdüyü ölkələrdə insan haqlarının qorunması, səslərin çatdırılması üçün yaradılan media orqanları da var.
Asılı media – buna yandaş, hakimiyyətaltı və s. adlar da qoyulub – əsasən dövlət büdcəsindən və ya bir-birinə qarşı silah kimi istifadə edən oliqarxlar, məmurlar tərəfindən maliyyələşir. Məqsəd hakimiyyətin təbliğatını aparmaq, ictimai fikri idarə etmək, faktları yamayaraq cəmiyyəti manipulyasiya etməkdir.
Bu media orqanları əsasən informasiya kirliliyi yaratmaqla diqqəti əsas problemlərdən yayındırmağa çalışırlar. Xüsusilə korrupsiya və rüşvətin tüğyan etdiyi ölkələrdə media alət və ələbaxımlı olur.
Günümüzdə beynəlxalq aləmdə yaxşı tanınan, nəhəng media qurumlarının hansısa maraq xatirinə materiallar yayımladığı faktı da danılmazdır. Xüsusilə müharibələr və siyasi çaxnaşmalar zamanı. Ancaq özünə “azad” deyən media orqanının əsas missiyası təməl haqları qorunmaqla doğru xəbər hazırlamaqdır ki, hansısa manipulyativ yayım bunu kölgələyər, sarsıtmaz.
Qısası, heç bir sahə ideal deyil, media aləmi xüsusilə. Ancaq hansısa tərəfli material yaymaq başqa, bütünlüklə qərəz və məqsəd üzərindən təbliğat aparmaq başqa. Azərbaycanda məhz ikinci üsul tətbiq edilir. Ümumiyyətlə, ölkədə fikrə dözümsüzlük, azadlığa nifrət bütünlüklə ifadə azadlığının məhvinə gətirib. Dövlət büdcəsindən ayrılan pullar hesabına var olan media qurumları isə “Qatarda” teletamaşasındakı kimidir: “Fatı, qalx! Fatı, otur!”. Bu asılı media qurumlarında çalışanlar üçün nə təmsil etdikləri peşənin qaydaları, prinsipləri önəmlidir, nə də aldatdıqları tamaşaçı-oxucunun mövqeyi. Onlar üçün önəmli olan mədədədir. O, boş qalmasın. Qalmır da. Bu təbliğat, mədhiyyə ruporlarının başında oturanlar evə, maşına, fermaya, mağazalar, restoranlar şəbəkəsinə sahibdirlər. Təbii ki, nə qədər qul olmağa razıdırlarsa, o qədər də bu varidat sarsılmaz qalacaq.
Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabi isə hələ 150 il öncə azadlığın dəyərini belə anladırdı: “Biz öz xahişimizlə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil?! Və buna səbəb bizim ata-baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik”.
İndi bu sətirləri yazan kişinin adına medallar düzəltdirib mirzələrinə paylatdıran İlham Əliyev dünyada azad mətbuatın olmadığını deyir, onun yox olması üçün bütün təzyiq riçaqlarından istifadə edir.
“Mən belə istəyirəm, əksini iddia edən varsa, yeri həbsxanadır”, – Əliyevin əməllərinin açması budur.
Görəsən, Prezident Administrasiyasından göndərilən tezisləri yazmaqla o medallara sahib olanlar düşünmürmü ki, adından yararlandıqları o böyük kişi edilən təklifləri əlinin tərsilə çevirdiyi üçün bu günə qədər var olub? Görəsən, bilirlərmi Həsən bəy Zərdabinin mətbuatdan qazancı olmayıb?
“Şərqli” təxəllüsü ilə tanınan Fərhad Ağazadə yazır ki, Həsən bəyin dəfni çar hökuməti zamanındakı dəfnlərin ən parlağı olub: “Təşyi-cənazədə Bakıda mövcud bütün cəmiyyətlər iştirak edirdilər”. Cənazə təşyi edilərkən bir natiq deyib: “Həsən bəy Bakıya ac gəldi, ac da getdi”. Bu, mənəvi aclıq deyildi, əksinə prinsipləri mədədən yuxarıda duran birinin duruşu idi.
Tarixi hadisələr, mətbuata münasibət arasında o qədər oxşarlıq var ki, heyrətlənirsən. Məsələn, bu gün Meydan TV, “Abzas Media”, “Toplum TV” kimi media orqanlarına müsahibə verən, yazdıqlarını paylaşan adamlar qorxu keçirirlər. Zərdabinin dövründə də bir çox şəxs “Əkinçi”yə yaxın durmaqdan qorxarmış. Hətta general Əlixanov qəzeti geri göndərərək bunları yazıb: “Qəzetə müdiri bilməyir ki, xüsusi adamların nəşr etdiyi qəzetəyi çarın sadiq nökərləri əllərinə də almazlar. Təəccüb edirəm”.
O dövrdə çar hökuməti (Osmanlı-rus münasibətindən təsirlənərək) bütün Qafqazda üsyan başlamasından və “Əkinçi” qəzetinin bu işdə böyük rol oynayacağından qorxub. Bu səbəbdən də “Əkinçi” qəzeti qapadılıb.
Bu dövrdə isə hakimiyyət müstəqil medianın ictimai mühitə təsirindən qorxur. Təsadüfi deyil ki, mənim güdülməyim üçün məhkəməyə təqdimat verən DTX-də məhz xarici qüvvələrin təsiri ilə ölkədə ictimai-siyasi vəziyyəti qarışdırmağımdan şübhələndiklərini yazıb. Sözsüz ki, mən tək deyiləm, mətbuat və ifadə azadlığını dəstəkləyən hər kəs hakimiyyətin hədəfindədir. Təqib edir, döyür, həbsə atır, şantajla sındırır və s. Bütün bu yollar bir məqsədə çıxır: Onun iradəsindən kənar danışan, göstərən olmasın, sabitliyi təhdid edilməsin, özü milyonları mənimsəsin, vətəndaşı hər gün kəməri bir az da sıxıb tapıldığı bir qarın çörəyə şükür etsin.
Daha bir tarixi oxşarlıq: Həsən bəy ona edilən təklifləri qəbul etmədiyi üçün polis və jandarmlar tərəfindən təqib olunub, qapısına xəfiyyə qoyulub, qulluqçusunun onlara gələn “qohumları”nın sayı artıb. Mətbəxdə daim qulluqçusunun “kirvələr”indən biri oturaraq Həsən bəyin yanına gələn qonaqları güdüb.
Tarix təkrarlanır, yeni çarlar köhnə mətbuatın üzərində təpinir, ancaq heç cür öldürə bilmir. Hər dəfə küllərindən yenisi doğur. Üstəlik indi vəziyyət onlar üçün daha çətindir, qlobal dünyada çarə tükənmir və müasir üsullarla mübarizə aparmaq mümkünsüzləşir. Ən əsası, İlham Əliyevin dediyi kimi deyil, dünyada azad mətbuat, azad düşüncəli insanlar var və onları yox edə bilməyəcəklər. Biz indi məhbəsdə və ya sürgündə oturub heysiz bədənə süni nəfəs verirmiş kimi görünə bilərik. Ancaq unutmayın, beyin və ürək ölməyibsə, süni nəfəs mütləq fayda verər. Necə ki, 10 illərlə bu hal təkrarlanıb və o nəfəs təkrar ayağa qalxmağa səbəb olub.
Demokratiyanın boğulduğu bütün ölkələrdə jurnalistlər məhbəsdədir, yaxud yolu oradan keçib. “Ovod” sayağı yanaşaq: Onlar bizi ona görə öldürürlər ki, bizdən qorxurlar. Bundan böyük xoşbəxtlik ola bilərmi?!
Aynur Elgünəş