Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində həbs cəzası çəkən inanclı məhbus Rövşən Cabbarov zorakılığa məruz qalıb.
Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Arzu Abdullanın sözlərinə görə, 17 saylı Cəzaçəkmə Müəssisəsində su, hamam, ayaqyolu problemi ilə bağlı etiraz edən məhbuslara fərqli səbəblərlə təzyiq göstərilir.
Məhbuslar deyir ki, hamamdan istifadə edəndə onları elektrik cərəyanı vurur.
Həbsxananın 1-ci korpusunda narkotik ittihamı ilə həbs olunan inanclı məhbuslar hamam, su və digər problemlərlə bağlı daha çox etiraz etdiklərinə görə ötən gün birinci korpusun nəzarətçiləri otaqları “şmon” ediblər. Onların öz vəsaitləri ilə aldıqları döşəklər otaqdan çıxarılıb, termosları qırılıb və pulları əlindən alınıb.
Arzu Abdulla deyir ki, pulunu tələb edən Rövşən Cabbarov həbsxana nəzarətçisinin zorakılığına məruz qalıb, onun başını dəmir qapının arasında sıxıblar. Bundan sonra huşunu itirən Cabbarovu döyərək cərimə kamerasına aparıblar.
“Rövşən deyib ki, pulumuzu aparmısınız qaytarın verin. Bu sözlərindən sonra nəzarətçi Rövşənin başını qoyub dəmir qapının arasına, huşunu itirənə qədər sıxıb. Sonra da saçını qırxıb, döyüb, aparıblar “karsa””, – deyə Arzu Abdulla bildirib.
Dini inaclı məhbus Rövşən Cabbarov 2023-cü il 13 mart tarixində narkotik ittihamı ilə şərlənib həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.