Akif Qurbanov: “Hakimiyyəti tənqid etməyə davam edəcəyəm”

İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiq və hüquqi məhdudiyyətlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb.

Siyasi fəal bildirib ki, hakimiyyət onu və hazırda həbsdə olduqları halda fəaliyyətlərini dəmir barmaqlıqlar arxasında davam etdirən həmkarlarını qarşı qanunazidd məhdudiyyətlər tətbiq edir.

Aprelin 25-də Akif Qurbanovun saxlanıldığı kamerada axtarış (“şmon”) aparılıb və ona məxsus bəzi yazılar götürülüb. Aprelin 28-də isə kamera yoldaşlarından Akif Qurbanovun “hakimiyyət əleyhinə çağırışlar etməsi” barədə saxta izahat vermək tələb olunub. Lakin həmin şəxslər bu tələbdən imtina ediblər.

Hadisələrin ardınca təcridxana rəhbərliyi Akif Qurbanovdan hakimiyyəti tənqid edən yazılar yazmağı dayandırmağı və telefon danışıqları zamanı siyasi mesajlar verməməyi tələb edib:

“Sonra mənimlə görüşdülər və akt tərtib etdiklərini, hakimiyyət əleyhinə yazılar yazmağı dayandırmağımı, telefonda yalnız ailə üzvlərimlə, dostlarımla danışmağımı, onlara hər hansı mesaj, istiqamət göstərməməyimi bildirdilər. O cümlədən, izahat yazmağımı istədilər”.

Akif Qurbanov ona qarşı irəli sürülən tələblərə cavab olaraq izahat yazmaqdan imtina edib və siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirərək hakimiyyəti tənqid etməyə davam edəcəyini bəyan edib. Akif Qurbanov bəyanatında həmçinin qeyd edib ki, onun vəkillə görüşləri, məhkəməyə aparıldığı maşın (“voronok”) və məhkəmə zalındakı danışıqları mütəmadi olaraq yazılır, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “Analitik mərkəzində” təhlil edilərək rəhbər şəxslərə məlumat verilir. Siyasi fəal bu qanunsuz göstərişlərin birbaşa DTX və Prezident Administrasiyası tərəfindən verildiyini vurğulayaraq bildirib ki, onları yalnız fiziki olaraq aradan qaldırmaqla dayandırmaq olar və qarşı tərəf öz istəyinə nail ola bilməyəcək.

Akif Qurbanov bildirib ki, tələb etməsinə baxmayaraq, ona tətbiq olunan məhdudiyyətlərlə bağlı heç bir rəsmi akt təqdim edilməyib. Sözlərinə görə, aprelin 29-da telefonla danışıq növbəsi zamanı ona yalnız ailəsi ilə danışmaq icazəsi verilib, başqa şəxslərlə əlaqə saxlayacağı təqdirdə danışığın kəsiləcəyi deyilib. Akif Qurbanovun sözlərinə görə, o, tətbiq edilən qanunsuz şərtləri rədd edərək yalnız qanuna uyğun danışıq hüququndan istifadə etmək istədiyini bildirib. Lakin təcridxana rəhbərliyi buna imkan vermədiyi üçün siyasi fəal vəkillərindən bu özbaşınalığa qarşı hüquqi tədbirlər görməyi xahiş edib.

Akif Qurbanov 2024-cü ilin martında “Toplum TV işi” üzrə saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunsa da, bu həbsi özünün siyasi fəaliyyəti ilə əlaqələndirir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və bu müddət dəfələrlə uzadılıb. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Qurbanov ittihamları rədd edir və həbsini qanunsuz sayır.

Ana səhifəSiyasətAkif Qurbanov: “Hakimiyyəti tənqid etməyə davam edəcəyəm”