Gürcüstandan Azərbaycana deportasiya olunmuş jurnalist Əfqan Sadıqova ümumvətəndaş pasportu verilmir.
Həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, ASAN Xidmət xarici pasportun verilməsi məsələsində jurnalistlə bağlı cinayət işinə xitam verilməsi barədə sənədin notarial qaydada təsdiqlənmiş formada təqdim olunmasını tələb edib.
“Masallı Rayon ASAN Xidməti xarici pasportun verilməsi məsələsində Əfqan Sadıqovla bağlı cinayət işinə xitam verilməsi barədə sənədin notarial qaydada təsdiqlənmiş formada təqdim olunması tələb edilir. Bir ölkənin prokurorluğu digər ölkənin, yəni Gürcüstan Prokurorluğuna Azərbaycan tərəfinin Əfqan Sadıqovla bağlı açılmış cinayət işinə xitam verildiyini bildirən sənəd göndərib”, – deyə Sadıqova sosial şəbəkədə paylaşdığı yazıda qeyd edib.
Sadıqova deyir ki, elə göndərilən həmin məlumatlar əsasında yoldaşı Azərbaycana deportasiya edilib. O bildirib ki, ASAN Xidmətin belə bir sənəd tələb etməsi qanunsuzdur. Sevinc Sadıqova qeyd edib ki, cinayət işinə xitam verildiyi halda sistemdə bunun aradan qaldırmaması düşündürücüdür:
“Bu tələbin heç bir hüquqi əsası yoxdur. Qeyd etmək istəyirəm ki, hüquqi və inzibati prosedurlara görə, cinayət işinə xitam verildiyi halda şəxslə bağlı axtarış və məhdudiyyətlər də müvafiq qaydada sistemdən çıxarılmalıdır. Bu səbəbdən əlavə sənəd tələbi doğru hesab edilə bilməz”.
Aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimə olunduğunu, ölkədən deportasiya edildiyini və üç il müddətinə Gürcüstana girişinin qadağan edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Sadıqov inzibati qanunvericilik çərçivəsində saxlanılıb və müvafiq iş üzrə məhkəməyə təqdim edilib. Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə – sosial mediada polis əməkdaşını təhqir etməkdə – təqsirli bilib. Qərara əsasən, o, cərimə olunub, deportasiya edilib və ölkəyə girişinə qadağa qoyulub.
Azel TV media orqanının baş redaktoru Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayırdı.O, Azərbaycanda daha əvvəl bir neçə dəfə həbs olunub. 2016-cı ildə vəzifəli şəxsdən pul tələb etmə ittihamı ilə saxlanılıb və məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Sadıqov ittihamları rədd edib, müdafiəçiləri isə işi onun jurnalist fəaliyyəti ilə əlaqələndirib. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Sonrakı dövrdə də onun müxtəlif inzibati işlər üzrə məsuliyyətə cəlb olunduğu bildirilib.
Gürcüstanda yaşadığı müddətdə Sadıqov bir neçə dəfə inzibati qaydada saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ümumilikdə 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb edilib, o cümlədən toplantı və nümayiş qaydalarını pozmaqda və iki dəfə inzibati həbs cəzası alıb.
2024-cü ilin avqustunda Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanılıb və Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçib. O, Azərbaycana ekstradisiyaya etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan edib.
2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq edib. 2025-ci ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılıb.