Həbsdə olan inanclı aclığa başlayıb

Mənsur Vəlişov. Foto: şəxsi arxivindən

Hazırda həbsdə olan inanclı məhbus Mənsur Vəlişov quru aclığa başlayıb.

Bu barədə ailəsi Meydan TV-yə bildirib. 

Ailəsi deyib ki, Mənsur Vəlişov şərlənərək həbs olunmasına və ailəsi ilə görüşlərin ləğv olunmasına etiraz oluraq aclığa başlayıb. 

Onların sözlərinə görə,  Mənsur Vəlişov ailəsinə şənbə günü, aprelin 25-də zəng edə bilmədiyi halda aclığa başlayacağını bildirib. Ailə deyir ki, artıq 5 gündür məhbusla əlaqə saxlaya bilmirlər:

“Ötən altıncı gün Mənsurun zəng günü idi, həmin günü mənə zəng eləməyib. Ondan öncəki zəngdə mənə demişdi ki, altıncı gün səhər mütləq sənə zəng eləyəcəm. Altıncı gün məni hər hansı bir cəzaçəkmə müəssisəsinə aparmalıdırlar, amma mütləq sənə xəbər eləyəcəm. Və bildirdi ki, əgər məndən xəbər çıxmasa, bil ki, mən aclığa oturacam. Çünki deyir, məni yenidən şərləyirlər”

Ailə deyir ki, Vəlişov barədə məlumat almaq üçün Penitensiar Xidmətlə və Ombudsmanla dəfələrlə əlaqə saxlasalar da qurumlar “təhlükəsizlikdədir” cavabından başqa məlumat verməyib.

Mənsur Vəlişovun həyat yoldaşı bidirir ki, bir neçə zəngdən sonra Ombudsman məhbusun Lənkəran Penitensiar Kompleksinə köçürüldüyü barədə məlumat verib.

“Mənsur Bakı qeydiyyatıdır onun hansı səbəblə bu qədər uzaq yerə köçürüldüyü barədə heç kim heç nə demir. Bizim körpə uşağımız var və onunla uzaq yola çıxmaq mümkün deyil. Hər dəfə bu qədər uzaq məsafə getmək mümkün deyil. Bu həm maddi olaraq, həm də, mənəvi çox çətindir”, – deyə həyat yoldaşı bildirib.

Ailə deyir ki, Vəlişovun sağlamlığından narahatdırlar. O, ailəsinə yalnız Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla görüşəcəyi təqdirdə aclığı dayandıracağını deyib.

Mənsur Vəlişov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri  hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

O, 2023-cü ilin 11 mart tarixində İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətHəbsdə olan inanclı aclığa başlayıb