İmran Əliyev məhkəmədə ona verilən işgəncələr barədə danışıb

Foto: İmran Əliyevin şəxsi arxivindən

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “meclis.info işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

Prosesə hakim Roman Əliyev sədrlik edib.

Məhkəmədə təqsirləndirilən İmran Əliyev sərbəst ifadə verib.

İmran Əliyev çıxışında saytın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, bir sıra təşkilatlardan maliyyə dəstəyi alıb və vergi ödəyicisi olub.

“Saytın fəalliyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq halında baş tutub. Bu dövrdə “German Marşal Fondu”, USAİD və ABŞ Səfirliyindən maliyyə dəstəyi almışam. Fəaliyyət göstərdiyim 3 il ərzində VÖEN əsasında vergi ödəmişəm”, – deyə İmran Əliyev çıxışında bildirib.

Atası Bağır Əliyev Meydan TV-yə deyib ki, oğlu çıxışında məruz qaldığı zorakılıq hallarından da danışıb. İmran Əliyev bildirib ki, saxlanıldığı gün işgəncəyə məruz qalıb:

“Hava limanının ərazisindən məni zorla çıxarıb Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Həm yol boyu, həm də idarədə olarkən başıma qara torba keçirilib və fiziki zorakılığa məruz qalmışam”. 

İmran Əliyevin sözlərinə görə, Toğrul Hüseynov və Samir İsmayılov adlı şəxs ona işgəncə edilən otaqda telefon və kompüterin şifrələrini istəyib, buna razı olmadıqda isə yenidən zorakılığa məruz qalıb, bədəninə tok verilib.

“İşgəncə verilən zaman otaqda müstəntiq Toğrul Hüseynov və Samir İsmayılov var idi. Onlar arabir başımdakı torbanı çıxarıb sənədlərə imza atmağımı tələb edirdilər. Bütün bunlar vəkilim olmadan baş verirdi. Sənədlərlə tanış olmaq istəyəndə isə mənə tok verib, şillə-yumruq vurur və ‘gecdir, evə getməliyik’ deyərək tələsdirirdilər”.

Əliyev deyir ki, Bakı Şəhər Baş Polis İdarəsində və saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ondan zorakılıq halları və tok verilməsi barədə susmaq tələb olunub. 

İmran Əliyev proses zamanı dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina edib. 

Bundan başqa fəalın atası Bağır Əliyev deyir ki, oğlunun səhhətində ciddi problemlər var və MRT müayinəsi lazımdır. Lakin 3 aydan çoxdur ki, onlar bu müayinədən keçə bilmirlər. 

“İmranın iki ildir belində ciddi ağrıları var və bütün məhkəmələrə də ağrı kəsici iynə vurduraraq gəlir. Belində qrijası yaranıb. Bunun üçün MRT müayinəsi tələb etmişik. Təcridxanada MRT aparatı olmadığından poliklinikaya yönləndirdilər. Poliklinikadan da deyirlər ki, təcridxanadan icazə almaq lazımdır. Hər iki qurum bir birinin üstünə atır və 3 aydır ki, bir nəticə ala bilmirik”, – deyə Bağır Əliyev bildirib.  

Bağır Əliyev həmçinin qeyd edib ki, məhkəmədə İmran Əliyev zorakılıq göstərən şəxslərin məsuliyyətə cəlb olunması və bu işdə olan səs və video görüntülərlə tanış olması barədə vəsatətlər qaldırılıb. 

Məhkəmə vəsatətlərdən birini – səs və görüntülərlə bağlı vəsatəti təmin edib.

İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb.

Elgiz Qəhrəman və Tamella Musayeva isə daha sonra bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb və onların barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İmran Əliyev ittihamları rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətİmran Əliyev məhkəmədə ona verilən işgəncələr barədə danışıb