“Amnesty International” Bəhruz Səmədovla bağlı bəyanat yayıb

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun saxlanma şəraiti və səhhəti ilə bağlı bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Məlumata görə, Bakı İstintaq Təcridxanasından Umbakı Penitensiar Kompleksinə köçürülən Bəhruz Səmədov bir aydır zəruri dərmanlarla təmin olunmur. Bildirilir ki, fəalın həbsdə olduğu son bir ildə zehni və fiziki sağlamlığı kəskin pisləşib, o, həbsxanada iki dəfə intihara cəhd edib. Məhz bu ağır psixoloji vəziyyəti və sarsıntıları ilə əlaqədar olaraq ona müvafiq müalicə və dərman preparatları təyin edilib. Lakin zəruri preparatların ona çatdırılmaması səbəbindən fəalın həm fiziki, həm də mənəvi vəziyyətinin daha da ağırlaşdığı vurğulanır.

2026-cı ilin fevralında Umbakıdakı müəssisəyə köçürülən Səmədovun orada ağır təcrid şəraitində saxlanıldığı bildirilir. Onun həbsxana həyətinə çıxmasına icazə verilmir, gündə yalnız iki saatlıq dar bir eyvanda qalmasına şərait yaradılır. Bundan başqa, fəalın televiziya və radioya çıxışı kəsilib, 83 yaşlı nənəsi Zibeydə Osmanovadan 70 kilometr uzaqlıqda saxlanılmasına qarşı apellyasiya şikayəti isə təmin olunmayıb. Məhz bu qərardan sonra fəalın aclıq aksiyasına başladığı qeyd olunur.

Vəkillərin xahişi ilə fevralın 27-də Ədliyyə Nazirliyinin tibbi heyəti Səmədova baş çəkib və vəziyyəti ilə bağlı bir neçə dərman təyin edib. Lakin məlumatda deyilir ki, fəal bir aydan çoxdur həmin dərmanları qəbul edə bilmir. Digər tərəfdən, yaxınları köçürülmədən sonra Ombudsman aparatından heç kimin onunla maraqlanmadığını bildirirlər. “Amnesty International” Azərbaycan hakimiyyətini Bəhruz Səmədovu dərhal və qeyd-şərtsiz azad etməyə, o vaxta qədər isə onu adekvat səhiyyə xidmətləri ilə təmin etməyə çağırır.

Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.

Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Ana səhifəSiyasət“Amnesty International” Bəhruz Səmədovla bağlı bəyanat yayıb