Avropa Məhkəməsi 15 nəfərin şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxışına qadağa qoyulmuş 15 nəfər ictimai-siyasi şəxsın şikayəti ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.

AİHM-in yayımladığı “Xədicə İsmayılova və digərləri Azərbaycana qarşı” sənəddə ictimai fəalların, jurnalistlərin hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı məsələ ortaya qoyulub.

Sənəddə hazırda Meydan TV işi üzrə həbsdə olan jurnalist Ülvyyə Əli, siyasi fəal Elgiz Qəhrəman, jurnalist Minəxanım Əliyarlı, ictimai fəal İlhamiz Quliyev və digərlərinin adları qeyd edilir.

2010-cu illərdən başlayaraq Azərbaycanda hökuməti tənqid edənlərə qarşı ölkədən çıxış qadağası mexanizmi mövcuddur. Bu mexanizm əsasən jurnalistlərə, siyasi və ictimai fəallara qarşı tətbiq olunur.  

Meydan TV-nin hazırda həbsdə olan jurnalistləri Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı və AbzasMedia-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına da 2015-ci ildə ölkədən çıxış qadağası qoyulmuşdu. Bu qadağa təxminən 4 il davam etdi və 2019-cu ildə jurnalistlərin “stop”u götürüldü.

Həmçinin jurnalist Ülviyyə Əli (Quliyeva) 2025-ci ilin yanvarında “Meydan TV işi” üzrə şahid qismində dindirilib və bundan sonra ona ölkədən çıxış qadağası qoyulub. Ülviyyə Əli bu qadağadan sonra həmin ilin may ayında həbs edilib.

Son olaraq  Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Samirə Qasımlı ölkədən çıxarkən hava limanında ona Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğunu öyrənib. 

Həmin şəxslər isə bunu onların fəaliyyətinə qarşı yönəlmiş təzyiq kimi qiymətləndirirlər. 

Ana səhifəSiyasətAvropa Məhkəməsi 15 nəfərin şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib