Azərbaycan hakimiyyəti hər növ narazılığı amansızlıqla boğur, yüzlərlə insan əsassız və siyasi motivli ittihamlarla həbsdədir.
Bu sözlər “Amnesty International” beynəlxalq insan haqları təşkilatının aprelin 21-də yayımladığı illik hesabatında öz əksini tapıb.
Təşkilat ölkədə dinc etirazların yatırıldığını, işgəncə və pis rəftarın geniş yayıldığını, bu cinayətləri törədənlərin isə cəzasızlıq mühitindən yararlandığını vurğulayır. Hesabata görə, qadınlar və LGBTI+ fərdləri həm dövlət qısnaması, həm də gender əsaslı zorakılıqla üz-üzə qalır.
Hesabatda deyilir ki, Azərbaycanda insan hüquqlarının durumun pisləşməsinə baxmayaraq, ölkə ABŞ və Avropa İttifaqı ilə strateji əlaqələrini genişləndirməyə nail olub. Sənəddə ötən ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə Qarabağ münaqişəsinə son qoymaq məqsədilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalandığı xatırladılır.
Təşkilat qeyd edir ki, 2022-ci ilin “Media haqqında” qanununa edilən dəyişiklik hakimiyyətə müstəqil saytları bloklamaq və xarici media ofislərini qanunsuz elan edərək bağlamaq üçün imkanlar verib.
Hesabatda həmçinin BBC-nin Azərbaycan xidmətinin və Turan Informasiya Agentliyinin fəaliyyətinin dayandırıldığı vurğulanır. Hazırda 30-a yaxın media işçisinin həbsdə olduğu, onlarla jurnalist və fəala isə əvvəlcədən xəbərdarlıq edilmədən qanunsuz olaraq ölkədən çıxış qadağası qoyulduğu bildirilir.
Sənəddə Azərbaycan həbsxanalarında saxlanma şəraiti pislənir. Məbusların uzun müddət təkadamlıq kameralarda saxlanılması, onlara qarşı cinsi zorakılıq hədələri və tibbi xidmətdən imtina hallarının sistemli xarakter aldığı deyilir.
Azərbaycan rəsmiləri bir qayda olaraq, beynəlxalq qurumların bu cür hesabatlarını rədd edir və ölkədə bütün təməl azadlıqların tam təmin olunduğunu bildirirlər.