Jurnalist Əfqan Sadıqovla bağlı səkkiz insan hüquqları təşkilatı Avropa Şurasının baş katibi Alen Bersetə müraciət ünvanlayıb. Təşkilatlar müraciətlərində jurnalistin Gürcüstandan Azərbaycana deportasiyası ilə bağlı təcili addımlar atılmasını tələb ediblər.
Bu barədə Toplum TV məlumat yayıb.
Onlar həmçinin Sadıqovun işi ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiq olunmasını tələb ediblər. Müraciətçilər Gürcüstanın bu məsələdəki hərəkətlərinin müstəqil şəkildə araşdırılmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsini istəyirlər.
Müraciətdə həmçinin üzv dövlətlərə çağırış edilərək Əfqan Sadıqovun müdafiəsi və ailə birləşməsi hüququnun təmin olunması istənilib.
“Bu hal təkcə bir nümunə deyil. Bu, Avropa Şurasının yumşaq reaksiyaları ilə müşayiət olunan, Azərbaycan hakimiyyətini daha da cəsarətləndirən və digər dövlətlər üçün qəbul edilən davranış həddini aşağı salan onillik repressiyaların ən son epizodudur. Gürcüstanın Sadıqov işi ilə bağlı davranışı məhz bu aşağı salınmış həddin birbaşa ifadəsidir. Avropa insan hüquqları sisteminin etibarlılığı təhlükə altındadır”, – deyə müraciət müəllifləri bildirib.
Müraciətdə həmçinin Sadıqovun deportasiya olunduqdan sonra iki dəfə ifadəsinin alındığı da qeyd edilib.
Aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimə olunduğunu, ölkədən deportasiya edildiyini və üç il müddətinə Gürcüstana girişinin qadağan edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Sadıqov inzibati qanunvericilik çərçivəsində saxlanılıb və müvafiq iş üzrə məhkəməyə təqdim edilib. Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə – sosial mediada polis əməkdaşını təhqir etməkdə – təqsirli bilib. Qərara əsasən, o, cərimə olunub, deportasiya edilib və ölkəyə girişinə qadağa qoyulub.
Azel.TV media orqanının baş redaktoru Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayırdı.O, Azərbaycanda daha əvvəl bir neçə dəfə həbs olunub. 2016-cı ildə vəzifəli şəxsdən pul tələb etmə ittihamı ilə saxlanılıb və məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Sadıqov ittihamları rədd edib, müdafiəçiləri isə işi onun jurnalist fəaliyyəti ilə əlaqələndirib. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Sonrakı dövrdə də onun müxtəlif inzibati işlər üzrə məsuliyyətə cəlb olunduğu bildirilib.
Gürcüstanda yaşadığı müddətdə Sadıqov bir neçə dəfə inzibati qaydada saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ümumilikdə 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb edilib, o cümlədən toplantı və nümayiş qaydalarını pozmaqda və iki dəfə inzibati həbs cəzası alıb.
2024-cü ilin avqustunda Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanılıb və Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçib. O, Azərbaycana ekstradisiyaya etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan edib.
2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq edib. 2025-ci ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılıb.