İqbal Əbilov: “Məni “xəyanətkar” adlandıranlar dövlətə xəyanət edənlərdir”

İqbal Əbilov – Foto: Facebook hesabı

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı, 18 il azadlıqdan məhrum edilmiş İqbal Əbilov hökümətyönlü mediada haqqında hazırlanan video ilə bağlı açıqlama yayıb.

Videoda tarixçi alim İqbal Əbilov casusluqda ittiham olunurdu. Həmçinin onun milliyətcə erməni olan şəxslərlə  maliyyə danışıqları apardığı və tapşırıqlar aldığı iddia olunurdu.  

İqbal Əbilov haqqında hazırlanan videoçarxla bağlı münasibətini  Meydan TV-yə bildirib.

O deyir ki, bu, ona qarşı hazırlanan qaralama kampaniyasıdır və bununla da özlərini saxta cinayət işi açmadıqlarına, “uğurlu əməliyyat” keçirdiklərinə inandırmağa çalışırlar. 

Əbilovun sözlərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin müstəntiqi  ona “təqsir”ini etiraf etməsi halında daha az cəza müddəti də təklif edib.

Mənə həsr olunmuş film haqqında danışılanları dinləyərkən, DTX-nin istintaq şöbəsinin rəhbəri olan müstəntiqlə aramızda keçən dialoqlardan birini xatırladım. O, mənə “etirafedici” ifadə müqabilində qısamüddətli həbs cəzası təklif etmişdi (əvvəlcə səkkiz il, sonra üç il, çarəsiz “istintaq”ın sonunda isə bir il)”, – deyə o bildirib 

Tədqiqatçı jurnalistlərin, digər siyasi məhbusların və vəkillərin məruz qaldığı repressiyalardan da danışıb:

“Onlarla müstəqil jurnalistin həbsdə olduğu, özlərini jurnalist adlandıran danışan başların kameralar qarşısında onlara və digər siyasi məhbuslara qarşı sifarişlə hazırlanmış paskvillər oxuduğu bir vaxtda; bir çox həqiqi, dürüst və prinsipial vəkilin daimi hücumlara və həbs olunma təhdidlərinə məruz qaldığı, Vəkillər Kollegiyasından qovulduğu (bu isə onların peşə fəaliyyətinin qadağan edilməsi deməkdir) bir mühitdə; kölə (“paykovıy”) vəkillərin “müvəkkillərini” yalnız istintaq tərəfindən dindirildikdən sonra ziyarət etdiyi bir şəraitdə (mənim həbs olunduğum gün belə bir vəkil mənimlə danışmaq əvəzinə müstəntiqdən soruşurdu: “Cənub bölgəsini hələ təmizləməmisiniz?”); “hakimlərin” bütün qanunları və prosedur normalarını pozaraq saxtalaşdırılmış hökmlər çıxardığı bir mühitdə, məni həbs olunmağımdan bir ay əvvəl dindirən əməliyyatçılardan birinin dediyi “Azərbaycanda qalmaq özü-özlüyündə sənin üçün bir cəzadır” sözlərinə artıq təəccüblənmirəm. Çünki bu absurd teatrda cinayətkarlar, onların cinayətkar əməllərindən danışanları həbs etməklə, qorxu və ixtilaf toxumu səpərək öz cinayətlərini gizlətməyə ümid edirlər. Məni “xəyanətkar” adlandıranlar əslində dövlətə və dövlətçilik anlayışına xəyanət edənlərin özləridir”.

Əbilov deyir ki, ifadə verdiyi zaman gülümsəməsi müstəntiqlərin qəzəbləndirib. 

“Əməliyyatçılar ilk dindirmə zamanı (həbsimdən bir ay əvvəl) gülümsədiyimə görə mənə qəzəblənirdilər: “Ni̇yə qorxmursan? Sən qorxmalısan. Anlamırsan, biz sənə travma yaşadırıq.” Amma kimsə “humanitar” və “humanist” sözləri arasındakı fərqi anlamadan sənə “Biz sənə humanitar davranırıq” deyəndə necə gülümsəməmək olar? Talışşünaslıq üzrə apardığınız tədqiqatlara görə sizi təqib edənlərin, sizin haqqınızda çəkilən “filmdə” “Talış” sözünü belə çəkməkdən qorxduqlarını görəndə necə gülümsəməmək olar? Müstəntiqlərdən biri təndirxananın “Əsl talış təndiri” adlandırılmasının “milli ədavətin salınması” olduğunu iddia edib, xalqınızın tarixi, mədəniyyəti və dili haqqında akademik nəşrlərinizə görə sizi bu ittihamla günahlandıranda necə gülümsəməmək olar? Başqa bir müstəntiq sizdən “Azərbaycanda neçə talış yaşayır? 500 min? Bir milyon?” deyə soruşanda və siz ölkədə rəsmi statistikaya görə cəmi 85 mindən bir qədər çox talışın qeydiyyata alındığını xatırladanda onun dərhal sözlərini geri götürməsi qarşısında necə gülümsəməmək olar?”, – deyə o bildirib.

İqbal Əbilov həmçinin hakimiyyətin tabeliyində olan medialara çağırış edib, onları müsahibə almağa dəvət edib:

“Əgər bu media və istintaq orqanları akademik fəaliyyətimi qiymətləndirmək iddiasındadırlarsa, bəlkə ölkədə ilk Talışşünaslıq konfransını təşkil etsinlər? Mən hətta distant iştirak edib istənilən peşəkar tənqidi dinləməyə hazıram. Yaxud bu media orqanları öz nominal funksiyalarını xatırlayıb gəlib məndən müsahibə alsınlar, istədikləri sualları versinlər. Bunu edəcəklərinə inanmıram. Çünki görünür, onlar öz rollarını ölkənin bu gününü məhv etməkdə və onu parlaq gələcəkdən uzaqlaşdırmaqda görürlər. Amma gələcək qaçılmazdır həqiqətin, qanunun və ədalətin hökm sürəcəyi bir gələcək”.

İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasətİqbal Əbilov: “Məni “xəyanətkar” adlandıranlar dövlətə xəyanət edənlərdir”