Azər Qasımlının həbsinə səbəb olan şəxs onun həyat yoldaşını da məhkəməyə verib

Foto: Samirə Qasımlının şəxsi arxivindən

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bu barədə Samirə Qasımlı Meydan TV-yə məlumat verib.

Onun sözlərinə görə, Azər Qasımlıdan şikayət edən şəxs Qurbanəli Yusifov ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsiylə ittiham irəli sürüb.

“Bu gün günorta telefonuma SMS bildiriş gəldi ki, mənimlə bağlı Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iş qeydiyyata alınıb. Elektron sistemə daxil olanda öyrəndim ki, Azər Qasımlının üzünə duran şəxs – Qurbanəli Yusifov Cinayət Məcəlləsinin 147.1 yəni böhtan atmaq maddəsi ilə məni ittiham edir”, – deyə Samirə Qasımlı deyib. 

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 

Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Ana səhifəSiyasətAzər Qasımlının həbsinə səbəb olan şəxs onun həyat yoldaşını da məhkəməyə verib