“İşçi Masası” fəalı həbsdə zorakılığa məruz qalıb

Ayxan İsrafilov. Foto: Ayxan İsrafilovun şəxsi arxivindən

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində zorakılıqla  üzləşib.

Bu barədə İsrafilovun yaxınları Meydan TV-yə məlumat verib.

Yaxınlarının sözlərinə görə İsrafilov müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olarkən özünə qarşı hörmətsiz münasibətə etiraz etdiyinə görə zorakılığa məruz qalıb. Şahsuvarov Ayxan İsrafilovun boynundan tutaraq yerə əyib və döyməyə başlayıb. 

“Dəfələrlə müavinin qəbulunda olanda mənə qarşı hörmətsiz davranıb. Sonuncu dəfə aprelin 13-də qəbulda oldum. Yenə məni dinləmirdi. Dedim ki, bəlkə sizə mane oluram. Mənimlə kobud danışmağa başlayanda xahiş etdim ki, mənə qarşı rəftarını dəyişsin”, – deyə İsrafilov yaxınlarına deyib.

Ayxan İsrafilov deyir ki, etiraz etdiyinə görə əməliyyatçı Ruslan Hətəmov ondan izahat yazılmasnı tələb edib. O, buna etiraz etsə də, Hətəmov narahatlığa əsas olmadığını qeyd edib. 

“Əməliyyatçı Ruslan Hətəmov dedi ki, narahat olma, heç olmasa öz xeyrinə yaz. Dedim ki, yazaram amma müavinin qəbuluna getməyəcəm. O yenidən kobud danışacaq, problem yaranacaq. Hətəmov əvvəl razılaşsa da, sonra məni müavinin qəbuluna apardı. Amma yenə gözlədiyim kimi oldu. Sonuncu dialoqumuz da sərt keçdi”.

Yaxınları deyir ki, zorakılıq hadisəsi də elə bundan sonra başlayıb. Müavin Kamran Şahsuvarov Ayxan İsrafilovun boynundan tutaraq yerə əyib döyməyə başlayıb. İsrafilov deyib ki, o, huşunu itirib və 1 saat sonra özünə gələ bilib. Ayxan İsrafilov boynunda zorakılıq izlərinin hələ də qaldığını deyib. Bu hadisəyə həmin Cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən AbzasMedia-nın direktoru Ülvi Həsənli, Cəfər Mirzəyev, Şahin Hacıyev və adının çəkilməsini istəmədikləri digər məhbuslar da şahid olub.  

Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub.

O, narkotik maddələrin əldə etmə, daşıma maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin o, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir.  

Ayxan İsrafilov bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.

Ana səhifəSiyasət“İşçi Masası” fəalı həbsdə zorakılığa məruz qalıb