Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan inanclı Elvin Nəzərovun səhhəti ağırlaşıb.
Bu barədə məhbusun həyat yoldaşı Şəbnəm Nəzərova Meydan TV-yə məlumat verib.
Onun sözlərinə görə Nəzərovun ödündə kəskin ağrılar var. Şəbnəm Nəzərova deyir ki, yoldaşı həbsxananın baş həkiminə müalicə olunmaq üçün müraciət etsə də bu müraciətlər cavabsız qalır. O bildirir ki, Elvin Nəzərovun birinci həbsində gördüyü işgəncələrdən sonra ödündə poliplər yaranıb və buna görə ildə 2 dəfə ultrasəs (USM) müayinəsindən keçməlidir. Lakin cəzaçəkmə müəssisəsində bu aparat olmadığından Nəzərov bu müayinədən məhrum qalır. Baş həkimə müraciət edən məhbus onun “bura heç vaxt USM aparatı gətirilməyəcək” cavabını eşidir.
“Elvin baş həkimə müraciət edir, amma heç bir cavab almır. Nə mərkəzə göndərir, nə də “zon”da USM aparatı var ki, orada yoxlanılsın. Həmçinin çöldə, öz vəsaitimiz hesabına da heç bir müayinəyə göndərilmir. Halbuki göndərə bilər. Orada başqa məhbuslar var ki, onları həm mərkəzə aparırlar, həm də çöldə xəstəxanada yoxlanışdan keçirirlər. Yəni bu imkanlar var və faktiki olaraq tətbiq olunur. Amma Elvinə gəldikdə, o bu təklifləri edəndə cavabsız qalır. Səbəb nədir, bilmirik. Bu adam mütləq şəkildə altı aydan bir yoxlanmalıdır. İndi isə ağrılar başlayıb. Bilmirik ki, orada hansı proseslər gedir”, – deyə Şəbnəm Nəzərova bildirib.
Nəzərovanın sözlərinə görə həyat yoldaşının səhhətinin ağırlaşmasına görə narahtdır. O deyir ki, vaxtında müalicə olunmasa xəstəliyin sonradan daha ağır fəsadlar verə bilmə ehtimalı var. Şəbnəm Nəzərova Ombudsamana və digər dövlət qurumlarına müraciət edəcəyini vurğulayıb.
Elvin Nəzərov 2025-ci ilin yanvar ayında narkotik ittihamı ilə həbs edilib. O, 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl Nəzərov 2018-ci il iyulun 3-də Gəncədə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumda ittiham olunurdu. Nəzərov o zaman 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.