Həbsdə olan AzadlıqRadiosu-nun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin məsələsi ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən bu ilin fevralında Bakıda Prezident İlham Əliyevlə görüşdə qaldırılıb.
Bu barədə AzadlıqRadiosu-nun prezidenti Stiv Kapus “X” sosial şəbəkəsində paylaşım edib.
Kapus yazıb ki, Mehralızadənin həbsi və ona çıxarılan hökm əsassızdır. O, Azərbaycan hakimiyyətini bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
“Bizim əməkdaşımız heç ittiham olunmalı deyildi, məhkum edilməsi isə ümumiyyətlə yolverilməzdir. Təxminən 2 ilə yaxındır ki, həbsdə saxlanılır, qızının doğulduğu günü və ondan sonrakı hər günü onunla birlikdə keçirə bilməyib. Fəridin işi Bakıda ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən qaldırılıb. Azərbaycan rəhbərliyinin bu ədalətsizliyi humanist şəkildə aradan qaldırmaq imkanı var”, – Stiv Kapus paylaşımında qeyd edib.
ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 10-da Azərbaycana rəsmi səfər edib. O, Prezident İlham Əliyevlə əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüş keçirib.
Səfərin sonunda tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzalayıblar.
Rəsmi açıqlamalarda görüşlər zamanı insan hüquqları, siyasi məhbuslar və ya jurnalist həbsləri ilə bağlı məsələlərin müzakirə olunub-olunmadığına dair məlumat verilməyib.
Fərid Mehralızadə 2024-cü ilin mayında “AbzasMedia işi” çərçivəsində həbs edilib.
Bu iş üzrə ondan əvvəl AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, həmçinin jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova da saxlanılmışdı.
2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.