“Oğluma qarşı cinayət işinin açılması, həbsdə olan həyat yoldaşım Taleh Bağırzadə ilə əlaqədardır və təxribat xarakterlidir”.
Bu sözləri Meydan TV-yə hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə deyib.
O, bildirib ki, mətbuatda 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Leyla İsmayılzadənin sözlərinə görə, hadisə ötən gün, aprelin 7-də Buzovna qəsəbəsindəki 26 saylı məktəbin idman meydançasında baş verib. O, hadisənin təfərrüatlarını danışarkən bildirib ki, voleybol oyunu zamanı şagirdlərdən birinin qızların yanında söyüş söyməsi 15 yaşlı oğlu Məhəmmədhüseynin etirazına səbəb olub. Həmin şagird uzaqlaşdıqdan sonra başqa bir sinif yoldaşı dayısı qızı ilə meydançaya gələrək insidenti qəsdən davam etdiriblər:
“Döyüldüyü deyilən qız eyni söyüşü təkrarlayıb. Məhəmmədhüseyn onlara da xəbərdarlıq edib. Bundan sonra həmin oğlanla qız oğluma nalayiq söyüşlər deyiblər. Məhəmmədhüseyn də cavabında onları itələyib. Oğlum deyir ki, bundan sonra oğlanla qız onu yumruqlamağa, döyməyə başlayıblar”.
Leyla İsmayılzadə deyir ki, hadisəyə böyük oğlu Məhəmmədhəsən müdaxilə etməyə çalışıb, amma nəticəsi xoşagəlməz olub:
“Bu hadisədən sonra digər oğlum Məhəmmədhəsənə məlumat veriblər ki, bəs qardaşını döyüblər. O da məsələni aydınlaşdırmaq istəyib. Qız da Məhəmmədhəsənə deyib ki, bəs mən xəstəyəm. Oğlum da soruşub ki, bəs xəstə söyüş söyər? Oğlum bu sözü deyəndən sonra həmin qız Məhəmmədhəsənə iki yumruq ilişdirib. Məhəmmədhəsən də özünü müdafiə etmək üçün qıza bir yumruq vurub. Yumruq da qızın burun nahiyəsini tuş gəlib və qanayıb. Bundan sonra aralaşıb, dağılışıblar”.
Leyla İsmayılzadənin bildirdiyinə görə, hadisə nəticəsində kiçik oğlu Məhəmmədhüseyn özü xəsarət alıb. Bu gün səhər saatlarında keçirilən tibbi ekspertiza zamanı onun gicgah nahiyəsində göyərmə izləri və dizində sıyrıntılar aşkar edilib:
“Hadisədən sonra uşaqlar evə çatmamış, polis bölməsindən mənə məlumat verildi ki, övladlarınız bir qızı döyüblər. Bu, döyülmək hesab olunmur, Məhəmmədhəsən özünü müdafiə edib. Bölməyə gedib, izahat vermişik. Həmçinin bu gün səhər Məhəmmdhüseyn tibbi ekspertizadan keçib. Gicgah nahiyyəsində göyərmə izləri var. Dizində sıyrıntılar var. Gecəni də demək olar ki, başağrısından yata bilməyib”.
Leyla İsmayılzadə deyir ki, Taleh Bağırzadə 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadənin barəsində cinayət işinin açılmasını son zamanlar ABŞ-İsrail-İran müharibəsi ətrafında baş verənlərlə əlaqələndirir. İran müharibə fonunda bir müddət əvvəl Naxçıvana dron atmışdı. Bu hadisədən sonra Azərbaycanda yenidən dindarlara qarşı həbslər başlayıb. Taleh Bağırzadə hesab edir ki, bu hadisə son vaxtlar dindarlara edilən təzyiqlər fonunda konkret olaraq ona və ailəsinə qarşı verilən bir təhdid mesajıdır.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. Azərbaycan hakimiyyəti ilahiyyatçını İranın maraqlarına xidmət etməkdə və ölkədə konstitusiya quruluşunu dəyişərək teokratik rejim qurmaq cəhdində günahlandırıb. 2017-ci ildə 20 il müddətinə azadlıqdan məhrum edilən Bağırzadə bu ittihamları qəti şəkildə rədd edərək, fəaliyyətinin yalnız dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bəyan edib. Bakı və Tehran arasındakı diplomatik gərginliklər fonunda rəsmi dairələr onu mütəmadi olaraq İranın Azərbaycandakı əsas “təsir agenti” kimi təqdim etməyə davam etsə də, beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyır.