“Meydan TV işi”: “Bu işdə yalan və zorakılıq birləşib”

İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin məhkəməsi aprelin 3-də davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində Meydan TV əməkdaşlarından Natiq Cavadlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib, Aytac Tapdıq (Əhmədova) Bakı İstintaq Təcridxanasında iki nəfər dustağa qarşı işgəncənin araşdırılması ilə bağlı vəsatət qaldırıb.

“Həbsimiz siyasi sifariş və saxta ittihamdır”

Natiq Cavadlı ifadəsində həbsini saxta və qurama adlandırıb. Jurnalistin məhkəmədəki ifadəsini olduğu kimi təqdim edirik:

Natiq Cavadlı. Foto: Meydan TV

“Bizim həbsimiz siyasi sifariş olduğundan bu cinayət işi saxta və quramadır. Hətta istintaq qrupu bu sifarişdən o dərəcədə eyforiyaya qapılıb ki, plagiata da əl atıb. Həmkarım və dostum Şəmşad Ağa ötən iclaslarda faktlarla həmin plagiatı təsdiqlədi.

Siyasi sifarişə gəldikdə, redaktorum Aynur Elgünəş həbsindən 6 ay əvvəl DTX tərəfindən izlənilib, bu barədə məhkəmə qərarı da olub.

Mənzərə Azərbaycanda 2 amili üzə çıxardı:

1.Hakimiyyətin azad meadiaya münasibətini.
2.Məhkəmə institutunun icra hakimiyyətindən asılılığını.

Ümumiyyətlə, bizim həbsimizdə yalan və zorakılıq birləşib. Həbsimiz zorakılıqla həyata keçirilib. Yaşadığımız mənzillərdə vəkillərimizin iştirakı olmadan axtarış aparılıb, hökumətaltı mediaya yalan məlumatlar ötürülüb. Ardınca həmin media istintaq sirlərini yenə yalanlar əlavə etməklə yayıb. Hüquq-mühafizə orqanları da istintaq sirrini yaydıqlarına görə onlar barəsində hər hansı sorğu, yaxud izahat tələbi ilə çıxış etməyib.

Yaşadığım mənzildə və olduğum ofisdə maskalı polislərdən vəkilimin çağırılmasını istəsəm də, “bu, xüsusi əməliyyatdır, olmaz” cavabını almışam. İndiyə qədər “xüsusi əməliyyat”ın nə olduğu mənə aydın deyil. Ancaq bir şey aydındır: yalan və zorakılığın çuğlaşması nəticəsində bu sayda jurnalist məhkəmə qarşısındadır.

Birinci yalan “mütəşəkkil dəstə” adlandırılmağımızdır. Bu ifadə özündə nələri ehtiva edir, hansı qanuna əsaslanır? Yoldaş Qafarov bu suala cavab vermədi. Bəs onun Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarından xəbəri varmı? Plenum hesab edir ki, təşkilatçının, təhrikçinin, yaxud köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi, ya da onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətləri mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

Yoldaş Qafarov deyir ki, mütəşəkkil dəstəyik. Bu necə mütəşəkkil dəstədir ki, mən Natiq Cavadlı heç vaxt Ülvi Tahirli ilə telefonla danışmamışam, yaxud yazışmamışam. Çünki mənim onda, onun məndə telefon nömrəmiz yoxdur. Oxuduğunuz ittiham aktında bu məsələlər araşdırılmayıb. Halbuki, telefonlarımız bir ildən çoxdur müsadirə olunub.

Bəli, mən hər gün redaktorumuz Aynur Elgünəş, Şəmşad Ağa ilə danışmışam, gündəlik mövzuları müzakirə etmişik. Bu, media orqanının təbii halıdır, planlaşdırma olur.

Telefonlarımız sizdədir, araşdırın. Necə ki, Aynur Elgünəşlə Ülvi Tahirlinin zarafatını ciddi hadisə kimi ittihama əlavə etmisiniz ki, onlar Bakı Jurnalistika Məktəbində birlikdə işləyiblər. 30 cildlik cinayət işinə zarafatı fakt kimi daxil ediblər, bərəkallah!

Yoldaş Qafarov, sizin iş yoldaşınız həbs olunsa, ardınca sizi də təqsirləndirilən şəxs kimi həbs etsələr, bu kimi zaarafatları da cinayət işinə salsalar, hansı məntiqlə mütəşəkkil dəstədən danışacaqsınız?

Bu mənzərə mənə 2025-ci ilin 20 sentyabr tarixində Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun “sizi şübhə əsasında həbs ediblər” sözlərini xatırlatdı. Hakimə Cinayət Prosessual Məcəlləsinin 21-ci (təqsirsizlik prezumpsiyası) maddəsini xatırladanda aydın cavab vermək əvəzinə, orta məktəb şagirdi kimi, gözlərini döydü. Hətta vəkilim Zibeydə Sadıqova da dedi ki, “siz BDU-nun müəllimisiniz, söylədiklərinizin mənasını başa düşürsünüzmü? Sabah tələbələrin qarşısına çıxacaqsınız”. Yenə də cavab vermədi.

Yoldaş Qafarov çıxışı boyu “qeydiyyatdan keçməyən, qanunsuz media orqanı Meydan TV” sözlərini tez-tez təkrarlayır. Əvvəla, Meydan TV xarici media orqanıdır, ona görə burada qeydiyyatdan keçə bilməz. Ümumiyyətlə, Azərbaycanda media orqanlarının dövlət qeydiyyatından qeçməsi Sirus Təbrizlinin rəhbərlik etdiyi Mətbuat Nazirliyi ləğv olunanda aradan qaldırıldı. Siz Sirus Təbrizlini tanıyırsınızmı? Sabiq dövlət başçısı Heydər Əliyev YAP-ın binasının binasının açılışında qırmızı lenti kəsəndə həmin lenti ona vermişdi. Çünki partiyanın adını Sirus Təbrizli qoymuşdu. Amma sonra Sirus Təbrizli deputat olanda Milli Məclisdə YAP-ı “simasız quldurlar partiyası” adlandırdı. Və nəhayət, partiya onun adını qoyan adamı üzvlükdən xaric etdi.

Bütün bunlar analoqu olmayan Azərbaycan gerçəkliklərindən biridir. Yazıçılar və tarixçilər üçün hekayə və salnamə mövzusudur. Yazmasalar, yaradıcılıqları çox solğun və mənasız görünəcək.

Yoldaş Qafarov, xəbəriniz varmı, yeni “Media haqqında” qanuna əsasən, jurnalistlər reyestrdən keçməlidir, amma könüllü. Bunu mənə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc söyləyib. Əgər Meydan TV dediyiniz kimi, qanunsuz fəaliyyət göstəribsə, Azərbaycan qanunlarını qəbul edən Milli Məclis üzvləri – adını çəkdiyim Zahid Oruc, YAP-cı Hikmət Babaoğlu suallarıma niyə cavab verirdi? Axı mən onlara özümü Meydan TV əməkdaşı kimi təqdim edirdim. Yaxud bizim həbsimizi həyata keçirən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev. Mən həftədə ən azı, 3-4 dəfə onunla danışırdım, sorğularımı cavablandırırdı. Bunları araşdırmaq borcunuzdur. Bəlkə mən onları da “mütəşəkkil dəstə”yə cəlb etmişəm? İstintaq adi zarafatı ciddiyə alıb, fakt kimi təsdiqləyirsə, nədən bu iddianı araşdırmasın?

Mən Təhsil naziri Emin Əmrullayevin mətbuat konfransında iştirak edib, ona suallar vermişəm. Bunlar Meydan TV-də yayımlanıb. Yaxid həmkarım Aytac Əhmədova Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun mətbuat konfransına qatılıb, suallar verib. Bu da Meydan TV-də yayımlanıb. Məntiqlə yanaşsaq, bu qurumlar və deputatlar “qanunsuz mütəşəkkil dəstə” adlandırdığınız Meydan TV ilə əməkdaşlıq edib. Bu xüsusda sonuncu fakt. 2022-ci ildə Prezident Administrasiyasından mənə zəng gəldi. İşgaldan azad olunmuş ərazilərə səfər edən jurnalist heyətinə dəvət etdilər. Bu dəvətin ölkə başçısının köməkçisi Hikmət Hacıyev tərəfindən gəldiyini dedilər. Həmin səfərdə redaktorum Aynur Elgünəş iştirak edib, reportaj hazırlayıb, fotolar çəkib. Reportaj da Meydan TV-də yayımlanıb, saytdan oxuya bilərsiniz.

Bütün sadaladıqlarıma əsasən, vəsatət qaldırıb, adlarını çəkdiyim şəxslərin məhkəməyə gəlib, bizim haqqımızda səslənən ittihamların yaratdığı suallara cavab vermələrini tələb edirəm.
Cinayət işinin materiallarının dilinin bərbad olması barədə həmkarım Şəmşad Ağa ötən iclaslarda əhatəli danışdı. Mən bir neçə faktı əlavə edəcəm. Həbsim haqda qərarda bir cümlə 41 sətirdən ibarətdir. Ondan bir gün sonra 9 dekabr 2024-cü ildə müstəntiq Samir İsmayılov 48 sətirlik cümlədə 11 dəfə bildirməsi sözünü işlədib. Bərəkallah, dil müəlliminə.
Bu işə görə maaş alıblar, mükafatlandırılıblar, amma ortaya qoyduqları işə “2” qiyməti də düşmür. Təkcə dil üslubundakı qayda pozuntuları göz deşir.

Adam bu işi oxuduqca utanır. Təəssüf ki, bu gün Azərbaycanda utanmaqdan utanırlar.


Cənablar, ciddi olun, Azərbaycanı dünyaya güldürməyin.Geri dönüb ötənlərə baxın. Azərbaycanın mətbuat tarixində heç vaxt bu qədər jurnalist, bu sayda maddələrlə məhkəmə qarşısına çıxarılmayıb.

Tarixə yaxından baxmayın, uzaqdan, sonsuz üfüqlərdən baxın. O zaman görəcəksiniz ki, tarix padşahların, sərkərdələrin tarlası deyil.

Tarixin dəyirmanı ləng üyüdür, amma fırlanır. Təəssüf ki, dahi adlandırılanlar bunu anlamadılar. Onlardan biri haqqında danışmalıyam. Ona görə yox ki, onun haqqında bu gün danışmaq asandır. Xeyr, Heydər Əliyev ordenli Ramiz Mehdiyev haqqında mən onun qılıncının dalı-qabağı kəsən vaxtlarda da danışırdım, onun dövlət xadimi və filosof kimi, bir heç olduğunu deyirdim. Bu, o zaman idi ki, Qafqazın ən tirajlı qəzeti akademikə yubiley münasibətilə gül buketi göndərirdi. 2007-ci il aprelin 17-də “Gündəlik Azərbaycan” qəzetində işləyirdim. Qəzetin baş redaktoru Eynulla Fətullayevin məhkəməsi gedirdi. Məhkəmə onun haqqında azadlıqdan məhrumetmə hökmü çıxaracaqdı. Qəzetin sosial şöbəsinin rəhbəri olan Aynur Elgünəş yəqin ki, o günü xatırlayar. Günün birinci yarısında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovadan müsahibə alırdım. Müsahibənin son hissəsində Ramiz Mehdiyevlə bağlı mübahisəmiz yarandı. Mən Prezident Administrasiyasının rəhbərini Brejnev partnomenklaturasının sonuncu qalığı saydığımı dedim, Aslanova böyük dövlət xadimi adlandırdı. Əlavə etdi ki, dahi filosofdur. Onda dedim ki, Ramiz Mehdiyev dahi filosofdursa, Platon, Sokrat, Asif Ata kimdir? Rəbiyyət Aslanova error versə də, sonra yenə dediyini təkrarladı.

İndi hardadır Rəbiyyət Aslanova? Bugünlərdə Ramiz Mehdiyevin Elmlər Akademiyasından çıxarılmasına səs verdi. Mən həmin iclasdan reportaja İTV-də baxdım. İclasda Ramiz Mehdiyevin kitablarını yazan qrupun rəhbərini gördüm. Adam necə də rahat idi, çünki sicilləmələri yazmaqdan canı qurtarmışdı.

Bunları niyə xatırladıram? Adam dövlət çevrilişi və digər ağır ittihamlarla azadlıqdadır, biz isə həbsdə. Deyirlər, yaşlıdır. O zaman 2005-ci ildə onunla həmyaşıd olan Eldar Salayevi niyə həbs eləmişdilər?

Yaxud “Sputnik Azərbaycan” saytının baş redaktoru həbs olundu, ağır maddələrlə ittiham elan edildi. Hətta hökumətaltı media onu kəşfiyyatçı-agent elan etmişdi. Amma Əliyevlə Putin Düşənbədə görüşəndən sonra onu buraxdılar, çıxıb getdi. Hətta onun ölkədən çıxışına qadağaya da məhəl qoyulmadı. Hardadır “Sputnik Azərbaycan”ın baş redaktorunu kəşfiyyatçı-agent adlandıranlar? Niyə susurlar? Niyə Azərbaycanın müstəqil xarici siyasətindən danışmırlar? Belə media, belə jurnalistika olmur. Ona görə alternativ media lazımdır ki, bunları desin, yazsın. İndi bunları yazanlar həbsdədir.

Əslində, Azərbaycanın getçək mətbuatı həbsdədir. Bir il ərzində 3 media orqanına – AbzasMedia, Toplum TV və Meydan TV-yə qarşı repressiya həyata keçirilib. Nəinki müstəqillik tarixində, hətta birpartiyalı SSRİ dövründə, dəhşətli 37-ci ildə belə, mətbuata qarşı belə repressiya olmayıb.

Bununla qanlı hakimiyyətinizin yalan yayan mediaya ehtiyacı olduğu görünür. Yalan elə bir şeydir ki, öz arxasınca digər şərəfsizliklər gətirir”.

Natiq Cavadlı ifadəsini yekunlaşdırandan sonra dövlət ittihamçısı, vəkillər və onunla birlikdə təqsirləndirilən jurnalist həmkarları ona suallar ünvanlayıblar. O, prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Digərlərinin suallarına cavab olaraq bildirib ki, özü və həmkarlarının həbsinin əsl səbəbi dövlət başçısı İlham Əliyevin ölkədə azad mətbuat görmək istəməməsidir.

“Günahımız jurnalist olmaq və həqiqəti deməkdir”

Bundan sonra jurnalist Ramin Deko İfadə verib:

Ramin Deko. Foto: Meydan TV

“Mən cavan bir ölkənin qoca bir vətəndaşıyam. Mənim ölkəmdə insan vaxtından tez qocalır, beli bükülür, təzyiqi düşür, şəkəri qalxır və günlərin bir günü ürək tutmasından vəfat edir. Mənim ölkəmdə hər şey var: neft, qaz, gözəl parklar, heykəllər, füsunkar binalar, qeyri-adi səkilər, cadar-cadar olmuş yollar, hər kənddə, hər qəsəbədə yağışdan sonra Yaponiyadakı adalar qədər əmələ gələn nohurlar. Saymaqla bitməz. Mənim ölkəm həm təbii, həm də süni şəkildə yaradılmış bir Venesiyadır. Mənim ölkəmdə hər şeyin, həm də rüblük qiyməti qalxır: neftin, qazın, gözoxşayan mənzillərin, qəbir daşlarının, siqaretin, ərzağın – yenə saymaqla bitməz. Hətta mənim ölkəmdə qatığın belə qiyməti qalxır. Qiyməti qalxmayan, dəyəri olmayan yalnız Azərbaycan insanıdır. Azərbaycan insanının həyatı devalvasiyaya uğrayıb. Həyatını kredit şəklində faizlə ödəyir.

Böyük yazıçı və ədəbi dələduz Markes “Tənhalıqda yüz il” əsərində bir nəslin – bir kəndin yaddaşının itməsindən yazır. Buendia nəsli yaddaş pozğunluğuyla üz-üzə qalır. Hər şeyi unutmağa başlayırlar. Çıxış yolunu divarlara, daşlara, yazılması mümkün olan hər yerə bir əşyanın adını qeyd etməkdə görürlər. Bu minvalla beyinlərindən silinənləri göz yaddaşlarına həkk etsinlər. Bir nəfər divara Çörək və Allah sözünü yazır. Eynən Azərbaycan insanının hər gün imtahana çəkildiyi Çörək və imdad dilədiyi Allah! 

Azərbaycan insanını çörəklə sınağa çəkənlər Allahı unudublar. Biz həm də ədaləti unutmuşuq. Məhkəmə salonlarında qızılı rəngdə yazılmış ədalət haqda aforizmlər hələ də bir mifdir. Deniz Gezmişin məhkəmədə ədalət yazısına güldüyü bir dünyanın bucağına sıxılmış və unudulmuş insanlarıq. 

“Qiyamət gününü gözləməyin, o hər gün baş verir” deyən Albert Kamyu bu gün sağ olsaydı “Sizif əməyi” essesindən imtina edər, “Azərbaycan İnsanı” adlı bir əsər yazardı. Onun Yupiteri də, Venerası da, Sizifi də Azərbaycan insanı olardı.

“İnsan” dramını yazan Səməd Vurğunun adına küçədə yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin gözəl və səliqəli salonlarında gözəl və səliqəli hökm oxunur. Və burada Qədim Roma məhkəmə binaları ətrafında qanad çalan ağ göyərçinlər yoxdur. Biz el məsəlində deyildiyi kimi pambıqla baş kəsilir. Bu kəsilən başların bir dəyəri olmasa da, cəlladların nüfuzu və qüdrəti hər baş üçün hər dəfə yenilənir. 

Bəli, biz bu ölkənin “Tatar Çölü”ndəki Covanni Droqolarıyıq. Hər sabah yaxşı günün gələcəyi ümidilə oyanıb, axşama bir tikə çörək qazanmaq üçün Allahdan imdad istəyənlərik! Mən Cəbrayılzadə Ramin Natiq oğlu, hamının Ramin Deko kimi tanıdığı bir reportyoram. Pafosu və qəhrəmanlığı sevmirəm. Sevdiyim jurnalistika, ədəbiyyat, bir sözlə, yazı-pozu işi, sarı, narıncı rəngli geyimlər, klassik, orta qiymətli saatlar, sədaqətli dostlar, ailəm, anam, “Barselona” və Messidir. Bir də tünd içkilər. Azərbaycanda ayıq başına yaşamaq mümkün deyil. Tələbəliyimdən – 2005-ci ildən jurnalistikadayam. “Yeni Xəbər”, “Bizim Yol”, “Azadlıq” qəzetlərində, “Azadlıq” radiosunda və Meydan TV-də çalışmışam. Yazılı və video reportajlarım bir çox xarici mediada çıxıb. Ölkədə baş verən bütün ictimai-siyasi, sosial proseslərdə jurnalist kimi olmuşam. Harda mitinq olubsa getmişəm, kimlərin mənzili əlindən alınıbsa çəkmişəm, Bakının hansı yerində yağış suları evləri basıbsa orda olmuşam. Yaxşını görmüşəm, pisi çəkib işıqlandırmışam. Mən çirkab içində olan milçəklərin öldürülməsini yox, çirkabın təmizlənməsini istəmişəm. Milçəkləri öldürməklə iş bitmir. Çirkab yeni milçəklər yaradır. O üzdən mənim işim çirkablarla olur. 

Jurnalistikada bir amalım olub: peşəkar olmaq. Bunun üçün çalışmışam. 

BJM-də ayrı-ayrı vaxtlarda iki dəfə üç aylıq kurslarda iştirak etmişəm. Bir jurnalist kimi formalaşmağımda bu məktəbin müstəsna xidməti olub. Təbii ki, “Azadlıq” qəzetinin mənim üzərimdə əməyini də unuda bilmərəm. Bu üzdən bütün yaxşı və vicdanlı redaktorlarıma təşəkkür edirəm. 

Türkiyədə, Gürcüstanda, İranda ezamiyyətlərdə olub – Ankaradan, İstanbuldan, Təbrizdən, Urmiyadan, Tiflisdən, Dərbənddən reportajlar hazırlamışam. 

Mən Ramin Dekoyam – sakit, peşəkar olmağa çalışan, Messinin Dünya Çempionu olması üçün dualar edən və bunu görəndə ağlayan bir reportyor.

Niyyətim, məqsədim peşəkar olmaq, düzgün xəbər və reportaj yaymaq, manipulyasiyadan uzaq durmaq, kiminsə əlaltısı olmamaqdır. Həmişə buna çalışmışam.

Mən və dostlarım – 12 nəfər qaçaqmalçılıqda ittiham olunuruq. Bu saxta cinayət işini tərtib edənlərin ürəyi soyumayıb bizə Cinayət Məcəlləsinin daha 6 maddəsini tətbiq ediblər. Səbəb “Meydan TV”-dir. Biz Meydan TV-də işlədiyimizə görə bu gün 1 il dörd aydır günahsız yerə həbsdə saxlanılırıq. Meydan TV qərəzsiz və obyektiv bir media kanalıdır. Həqiqətin yanındadır, təbliğat aləti olmadığı üçün hakimiyyətin həmişə hədəfində olub. Bizi həbs ediblər, amma Meydan TV yenə öz ampluasındadır, fəaliyyət göstərir. Bu yenə belə olacaq. 

Məni 2024-cü ilin dekabrın 6-da Gürcüstandan ölkəyə gələndə tutublar. Amma hava limanında yox, sərhəd keçid məntəqəsində deyil, Zığ şossesində tutublar. Mən ölkəyə gələndə üzərimdə bağlama halında 8 min avro olub. Amma əməliyyatçılar daha 30 min avro qoyaraq məni həbs ediblər. Çünki 8 min avroyla məni tuta bilməzdilər. 50 min manatı keçsin deyə əlavə 30 min avro qoydular. Mən ölkənin sərhəd keçid məntəqəsindən keçərkən yoxlanılmışam, üzərimə, əl və yük baqajlarına baxış keçirilib. Əgər üstümdə 38 min avro vardısa niyə orada saxlanılmadım? Axı qaçaqmalçı sərhəddə tutulmalıdır. Bu fakt bir daha göstərir ki, həbsimiz siyasi və sifarişlidir. Yəqin ki, məhkəmədə mənimlə bağlı olan əməliyyat çəkilişinə baxılacaq. Üzərimdə olan 8 min avro bir paket halındadır, amma yük çantama 30 min avro açıq şəkildə paltarların üstünə qoyulub. Ölkəyə qaçaqmalçı şəklində gələn adam pulu elə gətirər? Əməliyyat çəkilişində də bildirdim ki, bu 30 min avronun mənə aidiyyəti yoxdur, qoyulub. Çəkilişin davamında dostlarımın həbsi üçün hazırlıq getdiyini edilən zəngdən eşitdim, heç olmasa onları qoruyum düşüncəsiylə bu 30 min avronun da mənə aid olduğunu dedim. Düşündüm ki, heç kim günahsız yerə həbs olunmasın, amma həbs etdilər və bunu ifadəmdə də demişəm. Bir daha bəyan edirəm, mən ölkəyə 8 min avroyla gəlmişəm, 38 min avroyla yüklənib həbs edilmişəm. 

Bu gün həbsdə olan bir çoxunun Meydan TV-yə aidiyyəti yoxdur. Ülvi Tahirli, Əhməd Muxtar, Fatimə Mövlamlı, Ülviyyə Əli Meydan TV-də çalışmır. Amma bizi birlikdə cinayətkar ortaq sayırlar. 

Ülvi Tahirliylə, onun direktor müavini olduğu BJM-də bir it ilində – 2007-də, bir donuz ilində 2009-da üç aylıq kursda olmuşam. Başqa heç bir əməkdaşlığımız, iş birliyimiz olmayıb. Adamı “Meydan TV işi”nə görə həbs ediblər. Telefonu, kompüteri istintaqdadır. “Meydan”la, onun əməkdaşlarıyla bir yazışması yoxdur. Son beş ildə nə “Meydan”ın saytına daxil olub, nə də sosial şəbəkələrdəki hesablarına baxıb “Meydan”ın. Belə cinayətkar dəstə olur? Adamı “Meydan”la iş birliyində suçlayırsınız, amma o Meydanın fəaliyyətindən xəbərsizdir və dırnaqarası cinayətkar dəstənin bir çoxunu bu məhkəmə proseslərində görüb, tanıyıb. Bizə başçılıq edən, bizi burda tanıyır. Ülvi Tahirlə düşüncələrimiz, hadisələrə yanaşmalarımız fərqlidir, son beş ildə bir dəfə zəngləşməmişik, mesajlaşmamışıq, görüşüb çay içməmişik. Amma istintaq belə qənaətə gəlir ki, biz cinayətkar ortağıq. Mənim Ülviylə bir ortaq cəhətim var: “Barselona” və Messi. Bu iki isimdən başqa ortaq heç nəyimiz yoxdur. 

Yaxud da cinayətkar dəstənin üzvü olan Əhməd Muxtarı götürək. Əhməd əla fotoqrafdır. Fotoları dünyanın nüfuzlu medialarında və beynəlxalq sərgilərdə nümayiş etdirilib. Özü dövlətin bir çox tədbirlərində fotoqraf kimi çalışıb və belə bir adamı gətirib “Meydan TV işi”nə qoşublar. Əhməd heç zaman bizlə çalışmayıb. Amma işi böyütmək üçün onu da əlavə ediblər. Ülvi Tahirliylə olduğu kimi Əhməd Muxtarla yüz ildir görüşmürük. Bir dəfə it ilində Qusarda birlikdə çəkilişdə olmuşuq, bir də bir-birimizin toyunda, başqa heç bir iş görüşməmiz və ya birgə fəaliyyətimiz olmayıb. Belə cinayətkar dəstəmi olur? Dəstənin üzvləri ya bir-birini tanımır, ya da illərlə görüşmürlər, yazışmırlar, danışmırlar. Əcaba, bəs biz nə zaman cinayət üçün toplaşıb plan qurduq? Axı istintaq qrupu bizi mütəşəkkil dəstə sayır. 

Dırnaqarası cinayətkar dəstənin daha bir üzvü Nurlan Libre kimi tanınan Nurlan Qəhrəmanlıdan danışım. Nurlan Libre jurnalistdir, amma Meydan TV-də çalışmayıb, onunla da hansısa bir dəstənin üzvü deyilik. Ümumiyyətlə, Nurlanla oğurluğa getməkmi olar? Onunla görüşə gedəndə 50 adama “konum” atır, bir məclisə gedəndə görürsən bir “talpa” adam gəlib.

İstintaq qrupu bizim onla hansısa cinayət ortağı olan “konum”umuzu tapıbmı? Təbii ki, yox. Mən Nurlanla ayda bir dəfə “Montin”də yerləşən “Şah Abbas” hamamına getmişəm. Başqa birgə fəaliyyətimiz olmayıb. Yeri gəlmişkən sizlərə də o hamama getməyi məsləhət görürəm, yaxşı kir çıxardırlar. Bəlkə saxta cinayət işinin kirini üzərinizdən ata bildiniz! 

Azərbaycan dilini bizə tərtib olunan saxta cinayət işini məhkəmədə oxumaqla öyrənən prokuror, ittihamı bizə sırımağa çalışır. Gah işin orasını yamayır, gah bu tərəfini bizləyir, amma ortalığa bir şey çıxarda bilmir. Məşhur məsəldə deyildiyii: fakt və fərziyyə kimi. Bu cinayət işi fərziyyədir, fakt budur ki, biz 16 aydır günahsız yerə həbsdəyik. Bizi qaçaqmalçılıqda, yalançı sahibkarlıqda, vergidən yayınmaqda, çirkli pulların yuyulmasında, sənədlərin saxtalaşdırılmasında ittiham edirlər. Bəzən özümüzlə fəxr edirəm, bu qədər işi bacarırıq. Elə Kennedinin ölümünü də bizim üstümüzə atın, bu iş də bitsin. 

Ölkə içməli su, çimməli su çatışmazlığından əziyyət çəkir, amma biz çirkli pulların yuyulmasına görə ittiham olunuruq. Biz çirkli pul yuyan deyilik, çirkli yerləri təmizləməyə, aydınlatmağa çalışan adamlarıq və yeganə suçumuz həqiqətin yanında olmağımızdır! 

Mənə jurnalistikada ağıla gələni yazmağı öyrədiblər. Bir var ağıla gələni yazmaq, bir də var ağzına gələni. Bizim cinayət işini tərtib edənlər ağızlarına gələni yazıblar. Necə deyərlər, nuş olsun! 

Fakt və fərziyyə haqda yenə danışmaq istəyirəm: fakt mənim üzərimdə 8 min avro olub, fərziyyə isə 38 min avrodur. 

Lap deyək ki, mən ölkəyə 38 min avro gətirmişəm. Bunun nəyi pisdir? Ölkə iqtisadiyyatına xeyir verirəm, ölkədən pul çıxartmıram ki? Mən həbs ediləndən beş gün sonra Messi üç dostuyla – Buskets, Alba, Suarezlə Azərbaycana gəlir və 5 milyon avro qonorar alıb ölkədən çıxarır. Mən – ölkəyə pul gətirən adam həbs olunuram, ölkədən pul çıxaran Messi və dostları Mayamidə paşa-paşa kef edirlər. Cinayətdirsə Messini də tutun. Göndərin Kürdəxanıya mənim kamerama. Baxma, hər nə qədər də olsa yaxşı “taçka”sı olar. 

Mən və dostlarım jurnalist və Meydan TV-nin fəaliyyətinə görə həbsdəyik. Heç bir suçumuz yoxdur, bu üzdən başımız dik, üzümüzdə təbəssüm var. Həqiqətin yanındayıq və daim də belə olacaq! 

Saxta cinayət işində mənim 2019-2024-cü illərdə 8 dəfə ölkəni tərk etdiyim qeyd edilib. Həm də o da qeyd edilib ki, 2023-cü ildən Meydan TV-də çalışıram. O zaman sual çıxır, 2023-cü ilə qədər işləmədiyim Meydan TV üçün qaçaqmalçılıq niyə edim? Ümumiyyətlə ölkəni iki şeyə görə tərk etmişəm istirahət və ezamiyyət, yəni reportajlar. Hər dəfə ölkəyə qayıdanda sərhəd buraxılış məntəqəsində üstüm və yük baqajlarım yoxlanılıb və cinayət tərkibi yaradacaq bir şey tapılmayıb.

Həbsimə görə peşman deyiləm. Qətiyyən. Harada yaşadığımı və nə işlə məşğul olduğumu gözəl bilirəm. Azərbaycanda jurnalist olmaq, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq, həqiqətin yanında durmaq həbsxana qapılarının üzünə açılması deməkdir.

Azərbaycanda yaşayırsansa, jurnalistsənsə, siyasətçisənsə, ictimai fəalsansa bir gün mütləq həbs olunacaqsan. Bu qızılca kimi bir şeydir, ömründə heç olmasa bir dəfə tutulmalısan.

Biz həbs olunmaya bilərdikmi? Açılan 7 saxta cinayət işi üzərimizdə olmaya bilərdimi? Bir mənalı olaraq cavab “hə”dir. O zaman gərək gözümüz kor, qulaqlarımız kar, dildən də lal olmalıydıq. Məsələn, bir-iki saatlıq yağan yağışdan batan ölkəni “günü-gündən gözəlləşən məmləkət” kimi təsvir edərdik. Və yaxud da ölkənin bütün sferalarında bir mənalı şəkildə baş verən rüşvət və korrupsiyadan yazmayıb, çəkməyib və danışmayaydıq. Bir sözlə, çirkabda gözəllik, talanan sərvətlərdə xoşbəxtlik, közərən işıqlarda bir nur görməliydik. Bunları etməyi bacarsaydıq, indi Bakı Ağır Cinayətlər Məhkəməsinin nimdaş binasında deyil, məsələn, birimiz “Torqovı”da, birimiz “Bulvar”da, başqa birimiz hansısa istirahət mərkəzində yeyib-içərdik.

İngilislərin belə bir sözü var: “Journalism is not crime”. Yəni, “Jurnalistika cinayət deyil”. Amma mən bu fikirlə razı deyiləm. Azərbaycanda yaşayırsansa, həqiqətin yanında olan bir jurnalistsənsə, “troll media” deyilsənsə, sən bir cinayətkarsan. Mən bu “cinayəti” sevə-sevə qəbul edirəm!“.

Ramin Deko da həm prokurorun, həm də hakimlərin suallarına cavab verməkdən imtina edib. O bildirib ki, məhkəmələrin müstəqil və ədalətli olmadığını düşünür:

“Qaldırdığımız vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmənin ədalətinə inanmıram. Ona görə də heç bir suala da cavab vermirəm”.

İşgəncə iddiası araşdırılacaq, digər vəsatətlər təmin olunmadı

Digər jurnalistlər bildiriblər ki, növbəti məhkəmə prosesində ifadə verəcəklər. Lakin onlar vəsatətlər qaldırıblar.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa vəsatət verib ki, cinayət işində Meydan TV ilə “Bakı Jurnalistika Məktəbi”nə aid olan hissələr ayrılsın və bunlara fərqli cinayət işi kimi, ayrı-ayrılıqda baxılsın.

“Müstəntiq özü də etiraf etdi ki, məbləği böyük göstərmək üçün bu işləri birləşdiriblər. Meydan TV-nin “Bakı Jurnalistika Məktəbi”nə aidiyyəti yoxdur. Elə bil, hansısa ara universiteti ilə “The Washington Post” qəzetinin işlərini birləşdiriblər”, – deyə Şəmşad Ağa bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Aytac Tapdıq (Əhmədova) isə saxlandıqları Bakı İstintaq Təcridxanasında iki nəfər dustağa qarşı işgəncənin şahidi olduğunu bildirib. İşgəncə faktının araşdırılması üçün prokurorluğa sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Jurnalist qeyd edib ki, özü və jurnalist həmkarları Xəyalə Ağayeva və Aysel Umudovaya qarşı təcridxanada zorakılıq faktı da indiyədək araşdırılmayıb:

“Martın 22-dən 23-nə keçən gecə saxlandığımız kameranın pəncərəsindən iki nəfər dustağa qarşı dəhşətli işgəncənin şahidi olduq. İki dustağı döyə-döyə qanına qəltan elədilər. Biz bu cinayətlə bağlı şahidlik eləmək istəyirik. Prokurorluq zəhmət çəksin, araşdırma aparsın. 18 fevralda bizə qarşı zorakılıq faktı da indiyə qədər araşdırılmayıb”.

Məhkəmə vəsatəti təmin edib, qərar verilib ki, işgəncə barədə məlumatla əlaqədar prokurorluğa sorğu göndərilsin.

Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) II qrup əlildir. Onun vəkili Zibeydə Sadıqova bildirib ki, bir çox məhkəmə binalarında, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsində əlillərin vəziyyəti nəzərə alınmayıb. Məhkəmə binasına gətirilərək, saatlarla burada məhkəmə iclaslarını gözləyən əlillərin tualet istifadəsi ilə bağlı məhdudiyyətlər var. Çünki bunun üçün şərait yoxdur. Hakim Aytən Əliyeva bildirib ki, həqiqətən belə bir problem var və bunun həlli yolları axtarılır.

Ramin Dekonun vəkili Nemət Kərimli hava limanından 6 dekabr 2024-cü ildə müvəkkili Tbilisi-Bakı aviareysi ilə qayıdarkən qeydə alınmış görüntülərin alınması barədə vəsatət verib. Vəkil bildirib ki, həmin vaxt hüquqlarını müdafiə etdiyi şəxs aeroportda yoxlanılıb və üzərində cəmi 8 min avro pul olub. Lakin yolda onu tutublar və üzərindən 38 min avro pul çıxdığı iddia olunub. Bu səbəbdən həmin görüntülərin alınması əhəmiyyətlidir.

Məhkəmə hava limanına görüntülərin alınması üçün sorğu göndərilməsi barədə vəsatəti təmin edib.

“Meydan TV işi” üzrə məhkəmə prosesi aprelin 17-də davam edəcək.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəXəbərlər“Meydan TV işi”: “Bu işdə yalan və zorakılıq birləşib”