Amnistiya aktı qüvvəyə minəndən etibarən bu günədək 18.203 məhbusa şamil olunub.
Bu barədə hökümətyönlü mediada məlumat yayılıb.
Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın məlumatına əsasən, aktın şamil olunduğu 18.203 məhbusdan yalnız 100 nəfərinin adı siyasi məhbus siyahısına daxildir.
Onlardan 96 nəfəri inanclı, 4 nəfəri isə “İmişli işi” üzrə məhkum edilmiş şəxslər olduğu qeyd edilir.
Hüquq müdafiəçisi Arif Yunus deyir ki, azadlığa buraxılmış digər 22 nəfər inanclının adı onların hazırladığı siyasi məhbus siyahısında olmayıb.
“Azadlığa buraxılmış daha 22 dindarın adı bizim siyahımızda yox idi. Bu isə bölgələrdə dindarların həbsləri barədə məlumatların bizə gec və ya çox pərakəndə şəkildə çatması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, bu amnistiya yalnız cəza müddətinin başa çatmasına bir neçə ay qalmış məhkumlara şamil edilib, bəzi dindarlar isə ümumiyyətlə bir neçə həftədən sonra azadlığa çıxmalı idilər”, – deyə o qeyd edib.
Arif Yunusun sözlərinə görə, azadlığa buraxılan bəzi dindarlar yenidən həbs olunmağa başlayıb. Onların bəziləri 2025-ci ilin dekabrında azad olunan şəxslərdir. O deyir ki, bölgələrdə həbs olunan dindarlarla bağlı məlumat azdır, buna görə də yeni siyahını dəqiq demək hələlik mümkün deyil.
Hökümətyönlü media yazır ki, amnistiya tətbiq olunan şəxslərdən 5.310 nəfər həbs cəzasından, 10.226 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Həmçinin, 2.648 nəfərin həbs cəzası 6 ay qısaldılıb, 19 nəfər cinayət məsuliyyətindən azad olunub.
Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın yanvar ayında tərtib etdiyi siyahıya görə, ölkədə olan siyasi məhbusların sayı 340 nəfər idi.
Prezident İlham Əliyev dekabrın 15-də “Konstitusiya və Suverenlik İli” (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Milli Məclis də dekabrın 19-da layihəni qəbul edib. Aktın icrasına isə dekabrın 22-dən başlanılıb.