Əli Kərimlinin mühafizəçisi 6 il azadlıqdan məhrum edilib

Əli Kərimli və Novruz Tağıyev – Foto: Facebook səhifəsi

Bu gün, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevə hökm oxunub.

Hakim Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov Meydan TV-yə məlumat verib.

Novruz Tağıyev məhkəmədə həbsindən sonra 7 gün ac saxlanıldığını deyib. O, Əli Kərimlinin üzünə durmaq üçün saxlanıldığı otağa naməlum şəxs salındığını və psixoloji təziq göstərildiyini də qeyd edib.

“Həbsimdən sonra 7 gün ac-susuz saxlanıldım. Yanıma gətirilən şübhəli adam da Əli Kərimli haqqında çirkin söhbət edirdi. Guya Əli Kərimlinin milyonları var, villası var. Mənə deyirdi ki, balaların var, o onsuz da buraxılacaq, sən qalacaqsan həbsdə. Amma gördülər ki, mən razılıq vermirəm o adam da yox oldu. Daha görmədim onu”, – deyə Tağıyev məhkəmədə çıxışında bildirib.

“Get Fəxri Xiyabanda baş əy, üzr istə səni buraxaq”

Novruz Tağıyev çıxışında deyib ki, həbs olunandan sonra ona Fəxri Xiyabana gedərək üzr istəməsi təklif olunub. Bundan sonra azad olunacağı deyilib. Onun sözlərinə görə, hətta müstəntiq Əli Kərimlinin üzünə durmağı da təklif edib.

“Həbsimdən sonra mənə dedilər ki, niyə hakimiyyətə bağışlanma üçün müraciət etmirsən, get Fəxri Xiyabana ümummilli lideri ziyarət elə, bağışlanmağını istə. Mən cavab verdim ki, heç vaxt onlara biət etmərəm. Nəhayət gördülər məndə Əli Kərimliyə xəyanət edəcək üz yoxdur əl çəkdilər”, – deyə o son sözündə danışıb.

Novruz Tağıyevin çıxışı məhkəmədə alqışla qarşılanıb. Hakim əl çalanlardan siyasi fəal Ramiz Əhədovu zaldan çıxarıb, digərlərinə xəbərdarlıq edib.

Tağıyev haqqında açılan cinayət işində heç bir sübut olmadığını, dövlət ittihamçısının 8 il istəməsinin siyasi sifariş olduğunu deyib. O hakimə müraciət edərək “siz bunu etməyin” deyib. 

Fasilədən sonra məhkəmə Novruz Tağıyevi 6 il müddətinə azadlıqdan məhrum edib.

Novruz Tağıyev 2025-ci il mayın 20-dən həbsdədir. O, Cinayət Məcəlləsinin  178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsi ilə ittiham edilir.

Ev alqı-satqısı ilə məşğul olan Novruz Tağıyev müştəri kimi özünü təqdim etmiş Nicat Abbasov adlı şəxsin 70 min manatını ələ keçirməkdə ittiham olunur..

AXCP üzvü ittihamları qəbul etmir, bunların qurama olduğunu bildirir. 

Hazırda Əli Kərimli də daxil AXCP-nin 20-dən çox üzvü həbsdədir. 

Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.

Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisi 6 il azadlıqdan məhrum edilib