Həbsdə olan  inanclı məhbus: “Bədənim çürüyür”

Mənsur Vəlişov. Foto: şəxsi arxivindən

Hazırda həbsdə olan inanclı məhbus Mənsur Vəlişovun səhhətinin pisləşdiyi deyilir.

Bu barədə məhbusun ailəsi Meydan TV-yə danışıb.

Onların sözlərinə görə, Mənsur Vəlişov yaxınları ilə telefon danışığı zamanı bildirib ki, 3 aydır səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Tibb Müəssisəsi heç bir tədbir görmür. Vəlişov deyib ki, bədənindəki yaralar getdikcə artır və artıq bədəni yavaş-yavaş çürüməyə başlayır.

Bakı Penitensiar Kompleksinin rəisi ilə danışdım. Dedim ki, mənim bədənim çürüyür, məni müalicəyə göndərin. Müəssisə rəisi deyir ki, mənlik bir şey yoxdur, yəni mənim sənə pis münasibətim yoxdur. Amma mənə yuxarıdan icazə vermirlər ki, mən səni hansısa Müalicə Müəssisəsinə göndərim və ya sənin müalicənlə yaxından məşğul olum”, – deyə o telefonla danışıq zamanı ailəsinə deyib.

Ailə deyir ki, Umbakı Cəzaçəkmə Müəsisəsində müalicə almaq üçün heç bir şərait yoxdur. Ona lazım olan dərmanları da ailə alıb gətirmək məcburiyyətində qalır.

Bilirsiniz ki, orda o şərait yoxdur. Amma bu adamın bədənində, dərisində problem yaranıbsa, ən azından yaxma götürülməlidir, əkilməlidir, qanından analiz alınmalıdır. Yəni bunun heç birinə Umbakıda imkan yoxdur. Sadəcə olaraq hansısa mazlarla, atma dərmanlarla çöldən alınıb aparılan, hansısa dərman vəsaitləri ilə və həkimin yazdığı müalicə ilə olmur, bu nəticə vermir”, – deyə ailəsi bildirib.

Mənsur Vəlişov və ailəsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində olan Müalicə Müəssisənə köçürülmək üçün müraciət etsə də, müraciətlər cavabsız qalıb. 

Bundan əvvəl fevralın 19-da Mənsur Vəlişov qolları qandallanaraq, çarpayıya bağlı şəkildə zorakılığa məruz qalıb. Huşunu itirən Vəlişovun üstünə su tökərək ayıldıblar. Bu barədə o, Prezident Administrasiyasına və Ombusdmana müraciət etsə də, cavab ala bilməyib.

Mənsur Vəlişov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri  hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

O, 2023-cü ilin 11 mart tarixində İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətHəbsdə olan  inanclı məhbus: “Bədənim çürüyür”