Həbsdə olan İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov Baş Prokurorun birinci müavini Elçin Məmmədova müraciət ünvanlayıb.
Bu barədə AbzasMedia yazıb.
Fazil Qasımov müraciətində bildirir ki, vəkildən imtina ərizəsindəki imza ona aid deyil. Qasımovun sözlərinə görə ərizədəki imza onun xəbəri olmadan digər şəxslər tərəfindən tərtib edilib.
“Müdafiəçidən imtina barədə ərizədəki imza mənə aid deyil və həmin sənəd mənim tərəfimdən tərtib olunmayıb. Nəzərə alsaq ki, ərizə kompüterdə hazırlanaraq mənim əvəzimə imzalanıb, onun əsasında vəkillərimin prosesdən uzaqlaşdırılması müdafiə hüququmun kobud şəkildə pozulması ilə nəticələnib”, – deyə o müraciətində qeyd edib.
Qasımov bildirib ki, sözügedən sənədə əsasən müstəntiq Yusif Yusifov həm dövlət hesabına təyin olunmuş, həm də müqavilə əsasında cəlb edilmiş vəkillərinin işdə iştirakına son qoyub.
Qasımov müraciətində Cinayət-Prosessual Məcəlləsinin aidiyyəti maddələrinə istinad edərək vurğulayıb ki, müdafiəçidən imtina yalnız könüllü şəkildə və şəxsin özü tərəfindən müraciət edilmiş ərizə ilə mümkündür. O, Konstitusiya Məhkəməsinin yanaşmasını da xatırladaraq qeyd edib ki, belə ərizə mütləq şəkildə şəxsən yazılıb imzalanmalıdır, digər halda bu iş müdafiə hüququnun pozulması kimi qiymətləndirilir.
Fazil Qasımov deyib ki, bundan əvvəl də istintaq orqanlarının hərəkətlərindən narazılığını bildirib. Qasımov qeyd edib ki, 2024-cü ilin may və iyul aylarında Baş Prokurorluğa göndərdiyi müraciətlərdə müstəntiqin sübutları saxtalaşdırdığını desə də, şikayətlərinə baxılmayıb.
“Müstəntiq Yusif Yusifovun müdafiəçim Anar Qasımlı ilə birlikdə sübutları saxtalaşdırdığını qeyd etmişdim, amma müraciətlərim araşdırılmadı və etirazım təmin olunmadı”, – deyə o vurğulayıb.
2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.
Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir. O, həbsinə etiraz olaraq artıq iki dəfə aclıq edib.