Sanksiya altında olan Rusiya neft tankeri hücuma məruz qalıb

Foto: GreenOak\shutterstock

Martın 26-da Qara dənizdə, Bosfor boğazından təxminən 14–18 dəniz mili məsafədə, Rusiyadan xam neft daşıyan “Altura” tankeri hücuma məruz qalıb. Hadisə intensiv gəmiçilik zonasinda baş verib.

Türkiyə rəsmilərinin məlumatına görə, zərbə gəminin maşın şöbəsinə dəyib. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, hücum ehtimal ki, hava dronu ilə deyil, suüstü pilotsuz aparat vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, bu, gəmini tam sıradan çıxarmağa yönəlmiş məqsədli hücum olub.

Gəmidə təxminən 140 min ton neft olub. Zərbədən sonra partlayış baş verib, korpusda, eləcə də maşın şöbəsi və körpüdə zədələr qeydə alınıb. Hadisə yerinə sahil mühafizəsi və xilasetmə qüvvələri göndərilib. 27 nəfərlik ekipaj xəsarət almayıb.

Gəmi Rusiyanın Novorossiysk limanından yola düşmüşdü. Açıq mənbələrə görə, tanker xarici bayraq altında üzür və Türkiyə şirkəti tərəfindən istismar olunur. O, həmçinin 2025-ci ilin oktyabrından etibarən Rusiya neftinin daşınmasında istifadə olunan “kölgə donanması”nın bir hissəsi kimi Avropa İttifaqının sanksiyaları altındadır.

“Altura”ya hücum Qara dənizdə baş verən oxşar insidentlər fonunda baş verib. Belə ki, 2026-cı il martın 14-də Yunanıstana məxsus Maran Homer tankeri Novorossiyskə yaxınlaşarkən pilotsuz aparatın zərbəsinə məruz qalıb.

Son aylarda regionda ticarət gəmilərinə, o cümlədən neft tankerlərinə qarşı hücumların artdığı müşahidə olunur ki, bu da münaqişə zonasında suüstü pilotsuz aparatların istifadəsinin genişlənməsi ilə əlaqələndirilir.

Ana səhifəXəbərlərSanksiya altında olan Rusiya neft tankeri hücuma məruz qalıb