Qızı: “Tofiq Yaqublunun baş gicəllənmələri artıb, huşunu itirib”

Tofig Yagub

Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən gün huşunu itirib. 

Bu barədə Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində məlumat paylaşıb.

O bildirib ki, vəkil Nemət Kərimli Yaqublu ilə təcridxanada görüşüb. Vəkilin sözlərinə siyasətçinin səhhəti ağırlaşıb və o, xeyli çəki itirib. 

Vəkil bizə Tofiq Yaqublunun xeyli çəki itirdiyini, daha da halsızlaşdığını, yeriməkdə çətinlik çəkdiyini, rənginin keçən dəfəkindən bir az daha tutqunlaşdığını bildirdi. Bu gün həkim müayinəsi ilə vəkil görüşü üst-üstə düşdüyü üçün o, əvvəlcə vəkillə görüşə gəlib. Müayinə isə görüşdən sonra olacaqdı. Çox güman ki, artıq müayinə olub, ancaq biz bu barədə yalnız sabahkı zəng günündə biləcəyik”, – deyə Həzi yazıb.

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublunun baş gicəllənmələri artıb və ötən gün o huşunu itirib.

Qızı deyir ki, Yaqublunun qol saatı əlindən alındığından onun saatı bilmək üçün televizor ekranına yaxından baxması lazım gəlir. 

Bundan əlavə dünən onun qol saatını götürüblər. Aclıqdan həm görməsi zəifləyən, həm də halsızlıqdan yerindən qalxmaqda çətinlik çəkən biri üçün saatı bilmək üçün hər dəfə televizor ekranına gedib yaxından baxması işgəncədir. Onsuz da 19 gündür aclıq edən Tofiq Yaqublu özü işgəncə içindədir, bir də belə cılız davranışlarla adama əzab vermək qeyri-insani davranışdır”, – deyə Nigar Həzi bildiri.

Nigar Həzi atasının səhhətinin narahat olduğunu və onun azadlığa çıxmasını tələb edib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.

Ana səhifəSiyasətQızı: “Tofiq Yaqublunun baş gicəllənmələri artıb, huşunu itirib”