Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 12 il müddətinə azadlıqdan məhrum edilməsinin müzakirə doğurmasına münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında bildirib ki, hüquqi dövlət olan Azərbaycanda heç kim siyasi mövqeyinə görə həbs olunmur.
“Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə hər kəs törədiyi əmələ görə məsuliyyət daşıyır”, – Nəsirov bildirib.
Deputatın sözlərinə görə, hər kəs törətdiyi cinayət əməlinin səviyyəsindən asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyət daşıyır.
E.Nəsirov qeyd edib ki, hakimiyyəti tənqid etmək cəza ilə nəticələnmir:
“Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlət olduğundan heç kim hakimiyyəti sərt tənqid etdiyinə görə cəzalana bilməz. Əksinə, mən özüm müxalifət nümayəndələrinin mütləq əksəriyyəti ilə debatlarda oluram. Debatların gedişatında belə bunun canlı şahidiyəm, prosesin içindəyəm. Kəskin şəkildə hökuməti, hakimiyyəti tənqid edirlər, mən də öz arqumentlərimi onlara qarşı qoyuram”.
Deputat deyib ki, indiyədək debat etdiyi müxalifət nümayəndələrinin heç biri buna görə cəzalandırılmayıb.
“Hələ indiyə qədər belə hal olmayıb ki, mənimlə debata çıxan müxalifət nümayəndələrindən kimsə buna görə cəzasını alsın. Belə şey yoxdur. Kimsə cəzalanıbsa, bilin ki, ortada konkret cinayət əməli var”.
Nəsirov bildirib ki, bəzi hallarda cinayət məsuliyyəti ilə üzləşən şəxslər bunu siyasi motivlərlə əlaqələndirməyə çalışırlar.
“Burada başqa tendensiya da mövcuddur. Görəndə ki tutduğu yol cinayət tərkibi yaradıb, onun həbsi labüddür, həmin şəxs hakimiyyəti tənqid ritorikasını daha da kəskinləşdirir, kəskin ifadələr işlədir və sabah cinayət əməlinə görə həbs ediləndə son çıxışlarını ön plana çəkir ki, guya belə çıxışlar edib, tənqidlər səsləndirib, hakimiyyət də həbs edib”.
Deputat əlavə edib ki, həbsin səbəbi tənqid deyil, cinayət əməlidir:
“Xeyr, sənin həbsin tənqidinlə bağlı deyil. Konkret cinayət tərkibli əməllərin var. Bu hər kəsə aiddir. Azərbaycanda mövqeyinə, baxışlarına görə heç kim həbs edilmir. Mövqeyin və baxışların Azərbaycanda hakimiyyətin, konstitusion quruluşun zorla devrilməsinə, üsyana çağırışa köklənibsə, bu halda, əlbəttə ki, cinayət məsuliyyətinə cəlb ediləcəksən. Hər şey hüquqi müstəvidə baş verir”.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda Qasımlıya hökm oxunub. Hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl dövlət ittihamçısı onun barəsində 13 il həbs cəzası istəmişdi.
Azər Qasımlı məhkəmədə son çıxışında özünü təqsirsiz elan edib və həbsinin siyasi sifariş nəticəsi olduğunu bildirib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
O, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Vəkilləri isə bildiriblər ki, həmin şəxsin Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Siyasətçiyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı isə həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.