Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlıya hökm oxunub.
Hökmə əsasən Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl dövlət ittihamçısı onun barəsində 13 il həbs cəzası istəmişdi.
Azər Qasımlı məhkəmədə son çıxışında özünü təqsirsiz elan edib və həbsinin siyasi sifariş nəticəsi olduğunu bildirib.
“Mən cinayətkar deyiləm, cinayətə yaxın heç bir əməlim olmayıb. Məhkəmə istintaqı bir daha bunu göstərdi. İttihamın nə bir şahidi, nə də hər hansı sübutu var. İttiham aktının boş söz yığını və yalnız yalanlardan ibarət olduğunu real şahidlərin ifadələri və gerçək faktlarla sübuta yetirdik. Halbuki təqsirsizlik prezumpsiyası baxımından buna heç ehtiyac da yox idi., – Qasımlı çıxışında bildirib.
Fəal həmçinin qeyd edib ki, bu işdə o, yeganə zərərçəkmiş tərəfdir:
“Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar. Həbsim tamamilə siyasi sifariş əsasında baş verib”.
Son sözünü Birləşmiş Ştatların 16-cı prezidenti Avraam Linkolnun fikirləri ilə başlayaraq davam etdirən Qasımlı vurğulayıb:
“Ölkəni səndən əvvəl olduğundan daha yaxşı etmədiyini bilərək ölmək — çox ağrılı olacaq. Sanki sən heç yaşamamısan”.
Qasımlı çıxışında Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarına və milli təhlükəsizliyə də toxunub:
“Milli maraqlarımız və təhlükəsizliyimiz yalnız müstəqillik, ərazi bütövlüyü və dövlətimizin toxunulmazlığı ilə kifayətlənə bilməz. Bunlara daxili sabitlik, iqtisadi azadlıq və mülkiyyətin qorunması əlavə olunmalıdır. Yalnız arxasına baxan toplum irəliyə doğru gedə bilməz, önünü görənlər tərəqqini yaxınlaşdıracaq. Allah yar və yardımçımız olsun”, – Qasımlı çıxışını yekunlaşdırıb.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.