Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həkimlər tərəfindən müayinə olunub.
Bu barədə siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində məlumat verib.
O bildirib ki, vəkil Nemət Kərimli bu gün, martın 10-da Yaqublu ilə görüşüb və onun xeyli çəki itirdiyi barədə məlumat verib.
“Vəkil bildirdi ki, dünən və bu gün həkimlər T.Yaqublunu müayinə ediblər. Müayinə zamanı onun 15 gün içində 10 kq çəki itirdiyi, təzyiqinin isə aşağı – 60/90 olduğu bəlli olub. Vəkil atanın səsinin zəiflədiyini, rənginin tutqunlaşdığının şahidi olub”, – deyə Nigar Həzi yazıb.
Nigar Həzi deyir ki, bu Tofiq Yaqublunun sayca 5-ci aclıq aksiyasıdır və onlar siyasətçinin həyatından narahatdırlar.
Tofiq Yaqublu fevralın 25-də saxlanıldığı kamerada aparılan axtarışa mane olduğuna deyildiyi üçün 1 həftəlik karser cəzası alıb. Ailəsi bu qərarın siyasi motivli olduğunu deyir və bunu ABŞ-də oğlu Rəhim Yaqublunun etiraz aksiyasından sonra baş verən “qisas” kimi qiymətləndirir.
Yaqublu karserə salınmasına və beynəlxalq ictimaiyyətin Azərbaycandakı insan haqları pozuntularına səssiz qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.