Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Mixeil Saakaşvili. Foto: Meydan TV

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə təhlükəsini yaradır.

Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

Mixeil Saakaşvili yazısında vurğulayır ki, azərbaycanlı gənclər İranın radikal qurumları tərəfindən “rekrutlaşdırılır” – yəni təsir altına alınaraq onların ideologiyasına uyğun hərəkət etməyə cəlb olunurlar.

“Necə oldu ki, İranın kişi dominantlı rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin müəyyən hissəsi oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretlərini gəzdirir? Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terror xüsusi xidmətləri tərəfindən bu qədər asanlıqla “rekrutlaşdırıldı””.

O bildirir ki, bu proses nəticəsində gənclər İranın xüsusi xidmətləri üçün yönləndirilir və bunun qarşısını almaq üçün Azərbaycan sərhədləri bağlayıb.

“Azərbaycan Gürcüstanla sərhədi bağlamağa məcbur oldu, öz ərazisində azərbaycanlı həmvətənlərinin təhlükəsizliyini təmin etmək üçün — düşünün, Azərbaycan azərbaycanlıları buraxmır.

Saakaşvili qeyd edib ki, Qızılgül İnqilabına qədər azərbaycanlılar Gürcüstanda izolyasiya şəraitində yaşayır, kənd təsərrüfatı ilə məşğul olur və ictimai həyata qatılmırdılar. Polis onlara amansız davranırdı.

Keçmiş prezidentin sözlərinə görə, 2004-cü ildən etibarən hökumət polisi ləğv edib və azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atılıb. Təhsil naziri Kaxa Lomiya azərbaycanlı və erməni gənclərin universitetə daxil olmasını asanlaşdırıb, gənclərin Gürcüstanda qalmasına imkan yaradılıb, dövlət orqanlarında azərbaycanlıların irəliləməsi təmin olunub.

Saakaşvili bildirib ki, hazırkı hakimiyyət dövründə korrupsiya və rüşvət geri qayıdıb, İranın islamçı təsiri güclənib:

“Korrupsiya və birbaşa rüşvət geri qayıtdı, və ən əsası, İrandan gəlmiş islamçılar və İranın kəşfiyyat xidmətləri cəsarətləndi. Son zamanlar bir neçə Cənubi Qafqazdan olan şəxslər Avropada İran üçün casusluqda tutulub (sonuncusu bir neçə gün əvvəl Yunanıstanda)”.

“İslamçıların təsiri xüsusilə gənclərdə güclüdür. Azərbaycan dini radikalizm qorxusundan sərhədi bağlayanda, Tbilisi onlara, eləcə də gürcü gənclərə gələcək təklif etmir. Gürcülər buna etiraz və ya xaricə köçlə cavab verdikdə, azərbaycanlılar İranın radikal şiəlik ideologiyasında rahatlıq tapır”, – deyə Saakaşvili qeyd edib.

Keçmiş prezident ölkədə yaxın gələcəkdə etnik münaqişə riskinə diqqət çəkib:

“Nəticə son dərəcə acınacaqlıdır. Biz çox təhlükəli bir etnik münaqişəyə yaxınlaşırıq. Bu, Rusiyanın üzərimizə gətirdiyi dövlətin dağılması ilə nəticələnəcək. Onları dərhal çıxarmalıyıq. Əks halda, yaxın illərdə Gürcüstan sadə parçalanmış vəziyyətə düşəcək”.

Saakaşvili vurğulayıb ki, azərbaycanlıların Gürcüstanda inteqrasiyası üçün görülən işlər kifayət etməyib, lakin yalnız bütün etnik mənşədən olan vətəndaşların birliyi ilə ölkənin və hər bir vətəndaşın azadlığı təmin oluna bilər.

Ana səhifəDünyaSaakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir