“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist, Aytac Tapdıq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yazıb:
Jan-Jak Russo deyir ki, insan azad olaraq doğulur, amma hər yerdə zəncirə vurulub. Mən bu məktubu sizə zəncirlərin arasından yazıram. Azərbaycanda inandığı dəyərlər uğrunda vuruşan 9 qadın siyasi məhbusdan biri kimi 15 aydır həbsdəyəm.
Dünyanın qlobal totalitarizmə sürükləndiyi vaxtda İlham Əliyev kimi avtoritarlar yaranmış fürsətdən basqıçı rejimlərini möhkəmlətmək üçün istifadə edirlər. “Beynəlxalq hüquq yoxdur, güc var” deyib insanların təməl haqq və azadlıqlarına təcavüz etməklə; ölkəni informasiya blokadasına alıb, müstəqil xəbər yayılması üçün bütün şansları önləməklə; istənilən fərqli fikrin həbsxanadan başqa yeri olmayacağı paradiqmasını ictimai-siyasi həyata pərçimləməklə; sırasalarımıza qoşulacaq, haqları ilə maraqlanacaq fidanları ucsuz çölə sürükləməklə; onsuz da patriarxatın altında əzilən kəsimləri nəfəssiz qoymaqla.
Azərbaycanda jurnalistlərin kütləvi həbsi qadınlara qarşı olan sistemli zorakılığın, cinsi oriyentasiyasına görə təqib olunanların mətbuatda görünürlüyünü azaltdı. Feminist Hərəkatının əsas hərəkətverici qüvvələrinin bir qismi həbs olundu, bir qismi barədə qiyabi həbs qərarı çıxarılaraq dolayı yolla ölkədən sürgün edildi.
Bütün təzyiqlərin qarşısında və harada olmağımızdan asılı olmayaraq, hərəkatımızın hədəfi dəyişməzdir. Patriarxatın həyatına çərçivə cızdığı son yoldaşımız azad olanadək mübarizəmiz davam edəcək!
Həbsdən dünyadakı feminist hərəkatlara mübarizəmizdə həmrəy olmaq çağırışı ilə səslənirəm. İstəyirəm, qoy bütün dünyada azadlığı üçün vuruşan yoldaşlarımız bilsin ki, həbsxana divarları arasında olsaq da bizim köksümüzdəki günəş onlar üçün yanmaqdadır.
Tiranlar qutan təki ağızlarını açıb azad balıqları udmaq istəyirlər. Ancaq biz onların boğazından keçməyəcək, kisələrini yırtıb əngin dənizlərə açılacağıq!