Hesabat: “2025-də Azərbaycanda media ağır repressiya altında qalıb”

Ilham Aliyev and political prisoners. Collage: AbzasMedia

Avropa Şurası Jurnalistlərin Müdafiəsi və Təhlükəsizliyi Platforması martın 3-də  “Dönüş nöqtəsində: mətbuat azadlığı 2025” adlı illik hesabatını dərc edib.

Hesabatda bildirilir ki, 2025-ci ildə də Avropada mətbuat azadlığı təzyiqlər altında olub, jurnalistlər hüquqi maneələr, fiziki təqiblər, hədələmələr, medianın ələ keçirilməsi cəhdləri və transmilli repressiyalarla qarşılaşıblar.

Bildirilib ki, 2025-ci ildə Avropada 148 jurnalist həbsdə olub. Onlardan 36-sı Azərbaycanda, 32-si Rusiyada, 27-si Belarusda, 26-sı Ukraynanın işğal olunmuş ərazilərində, 24-ü Türkiyədə, ikisi Ermənistanda və biri Gürcüstanda saxlanılıb.

Platforma yazır ki, Azərbaycanda 2024-cü ildə başlayan repressiya dalğası 2025-ci ildə də davam edib. 2021-ci ildə qəbul olunmuş “Media haqqında” qanun 2025-ci il iyulun 14-də daha da sərtləşdirilib. Müstəqil jurnalistikanın istənilən forması faktiki olaraq boğulub və bir çox jurnalistə ağır həbs cəzaları verilib.

“Meydan TV, Toplum TV, Abzas Media və Kanal 13 hazırda mühacirətdə fəaliyyət göstərir və onların Azərbaycanda çalışan əməkdaşları yoxdur. “Turan” İnformasiya Agentliyi isə 2025-ci ilin fevralında fəaliyyətini dayandırıb. 2025-ci ilin sonunda Azərbaycanda 36 jurnalist həbsdə olub. “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, bu göstərici Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri siyasi motivli ittihamlarla həbsdə saxlanılan media nümayəndələrinin ən yüksək sayıdır”, – hesabatda deyilir.

Sənəddə həmçinin 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində AbzasMedia ilə əlaqəli altı media əməkdaşı – direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, tərcüməçi Məhəmməd Kekalov, həmçinin iqtisadçı və AzadlıqRadiosunun (RFE/RL) müxbiri Fərid Mehrəlizadənin -7 il 6 aydan 9 ilədək azadlıqdan məhrum edilməsi xatırladılır. Jurnalistlərin peşə faəliyyətinə görə həbsi qeyd olunur və vurğulanır ki, onlar Prezident İlham Əliyevin ailəsi və yaxın ətrafı ilə bağlı korrupsiya araşdırmalarına cavab olaraq həbs ediliblər.

Həmçinin Kanal 13-ün direktoru Əziz Orucovun,

Arqument.az xəbər saytının baş redaktoru Şəmşad Ağanın, “Amerikanın Səsi”nin Azərbaycan bürosunun əməkdaşı olan müstəqil jurnalist Ülviyyə Əlinin (Quliyeva) və Yoldaş Media-nın təsisçisi Əhməd Məmmədlinin adları çəkilir və həbsləri pislənilir.

Platforma xatırladır ki, Azərbaycan artıq 2024-cü ildə böhtan və təhqirlə bağlı qanunvericiliyə görə sistemli xəbərdarlıq obyekti idi. 2025-ci ildə isə ictimai yayımçının müstəqilliyi ilə bağlı yeni xəbərdarlıq dərc olunub:

“Qanuna edilən dəyişikliklərə əsasən, xarici media qurumları artıq dövlət qeydiyyatından keçdikdən sonra yeddi gün ərzində media reyestrində qeydiyyata alınmaq üçün müraciət etməlidirlər, əks halda onların fəaliyyəti dayandırıla bilər. Hakimiyyət orqanları həmçinin media qurumlarının internet saytlarına çıxışı məhdudlaşdırmaq hüququnu özündə saxlayır. Qanunun dəyişdirilmiş variantına əsasən, informasiya agentliklərinin fəaliyyət göstərə bilməsi üçün ən azı 20 yerli media qurumu onların xəbər lentinə abunə olmalıdır”.

Sənəddə bildirilir ki, bütün bu müddəalar hakimiyyət orqanlarına jurnalistlərə və media qurumlarına qarşı özbaşına tədbirlər görmək üçün yeni imkanlar yaradır:

“Ötən ilin noyabrında Prezident İlham Əliyev dövlət nəzarət səlahiyyətlərini genişləndirən yeni mərkəzləşdirilmiş rəqəmsal platformanın yaradılması haqqında fərman imzalayıb. İnsan Hüquqları Təşkilatı “Human Rights Watch”un nümayəndəsi Giorgi Qogianın yazdığına görə, Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) adlanan bu sistem Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarəti altında olacaq və 2026-cı ilin mayına qədər tam fəaliyyətə başlayacaq”.

Hesabatda qeyd olunur ki, Azərbaycan son illərdə Platforma ilə məzmunlu dialoqu faktiki olaraq dayandırmış iki Avropa Şurası üzv dövlətindən biridir. Tərəfdaş təşkilatlar hakimiyyəti mexanizmlə işlək kommunikasiya kanalını bərpa etməyə və irəli sürülən narahatlıqlara substantiv cavab verməyə çağırır.

Ana səhifəSiyasətHesabat: “2025-də Azərbaycanda media ağır repressiya altında qalıb”