Ermənistanın əsas elektrik şəbəkəsi operatoru olan “Ermənistan Elektrik Şəbəkələri”nin (ENA) səhmləri ilə bağlı danışıqlar nəticəsiz qalıb. Ölkə hakimiyyəti saxlanılan erməni-rus milyarder Samvel Karapetyanın şirkətinin milliləşdirilməsinin növbəti mərhələsinə başlanıldığını elan edib.
ENA-nın dövlət tərəfindən təyin olunmuş müvəqqəti idarəçisi və hakim “Mülki Müqavilə” partiyasının üzvü Romanos Petrosyan Factor TV-yə bildirib ki, növbəti mərhələdə ENA ictimai maraq kəsb edən aktiv kimi tanınacaq və şirkətin ələ keçirilməsinə görə Karapetyana kompensasiya ödəniləcək. Petrosyan Karapetyana ödəniləcək mümkün kompensasiyanın məbləğini açıqlamayıb.
ENA Karapetyanın “Taşir Qrup”una məxsusdur. Hazırda ev dustaqlığında olan iş adamı 2025-ci ilin iyun ayında Ermənistan Apostol Kilsəsinin Baş nazir Nikol Paşinyanla qarşıdurması fonunda kilsəni dəstəkləyən ictimai bəyanatlar verdikdən sonra saxlanılıb.
Petrosyanın sözlərinə görə, “Taşir Qrup” ilə danışıqlar nə nəticə verdi, nə də ümumiyyətlə baş tutdu. O əlavə edib ki, irəliləyişin olmaması Ermənistan hakimiyyətinin qanunla müəyyən edilmiş prosedura uyğun və təyin olunmuş müddət çərçivəsində – 21 fevral tarixində sahiblərə rəsmi təklif təqdim etməsi ilə bağlıdır.
Petrosyan deyib: “Bu o deməkdir ki, 21 fevraldan sonra Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq hökumət bu şirkətin səhmlərinin 100 faizini üstün ictimai maraq kimi tanımalı və kompensasiya ödədikdən sonra onu tam milliləşdirməlidir. Proses həmin mərhələyə daxil olub”.
2025-ci ilin noyabrında Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (PSRC) Petrosyanın müəyyən etdiyi bir sıra ciddi pozuntular əsasında ENA-nın elektrik enerjisinin paylanması lisenziyasını ləğv etmək barədə qərar qəbul edib.
2025-ci ildə Karapetyanın saxlanılmasından qısa müddət sonra parlamentdə tələsik qəbul edilən qanun dəyişikliklərinə əsasən, ENA lisenziyasını itirərsə, şəbəkə “üstün ictimai maraq” kimi tanınmalı və onun dəyəri qiymətləndirilməlidir. Daha sonra hazırkı sahibi olan “Taşir Qrup” milliləşdirməyə görə kompensasiya almalıdır.
Hökumət iki mümkün ssenari irəli sürüb: şəbəkənin tam milliləşdirilməsi və dövlət nəzarətində saxlanılması, yaxud nəzarət paketinin “beynəlxalq nüfuza malik” enerji operatoruna verilməsi və dövlətin şirkətdə strateji payı saxlaması.
“Taşir Qrup” Ermənistanın enerji sektoruna yatırdığı investisiyaya qanunsuz müdaxilə kimi qiymətləndirdiyi addımlara görə yüz milyonlarla dollar kompensasiya tələb edərək beynəlxalq arbitraj prosesinə başlayıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əsliniOC Media-dan oxuya bilərsiniz.