Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists – CPJ) İsveçrə hakimiyyətini sürgündə yaşayan azərbaycanlı jurnalist və insan hüquqları müdafiəçisi Emin Hüseynovun təhlükəsizliyini təmin etməyə çağırıb.
“Emin Hüseynovun silahlı şəxslər tərəfindən izlənildiyi və nəzarətdə saxlanıldığı ilə bağlı iddialar son dərəcə narahatedicidir. Azərbaycanın sürgündə olan jurnalistləri hədəfə alma təcrübəsini nəzərə alsaq, İsveçrə hakimiyyəti tam və operativ araşdırma aparmalı və onun təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidir”,– CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona O’Brayen bildirib.
Hüseynov CPJ-yə deyib ki, fevralın 18-də Cenevrədə insan hüquqları konfransında iştirak edərkən onu izləyən iki nəfəri görüb. Onun sözlərinə görə, həmin şəxslərdən birinin pencəyinin altında silah olub.
Jurnalist bildirib ki, axşam evə qayıdarkən həmin adamlardan birini yenidən onu izlədiyini görüb:
“Onunla üz-üzə gəlməyə çalışdım və telefonla video çəkməyə başladım. Bundan sonra o qaçdı”.
Bu görüntülər sonradan “YouTube” platformasında yayımlanıb. Hüseynov bundan sonra daha üç dəfə izlənildiyini İsveçrə polisinə bildirdiyini və polis tərəfindən araşdırma aparıldığını deyib.
Hadisələr onun qardaşı – jurnalist və bloqer Mehman Hüseynovun Azərbaycan Prezidenti İlham Əliyev və ailəsini tənqid edən videolar yaydığı dövrə təsadüf edir. Emin Hüseynov da həmin videolarda yer alır. Mehman Hüseynov bildirib ki, bu videolardan sonra ölüm təhdidləri alır və hazırda Avropada polis mühafizəsi altındadır. Azərbaycan hökumətyönlü mediası qardaşlara qarşı qaralama kampaniyasına başlayıb.
Emin Hüseynov baş verənləri mümkün qaçırma və ya sui-qəsd cəhdi kimi qiymətləndirir:
“Mən bunu qaçırma və ya sui-qəsd cəhdi kimi görürəm”.
O, Fransada yaşayan bloqer Məhəmməd Mirzəliyə qarşı əvvəlki sui-qəsd cəhdlərini və 2017-ci ildə jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanmasını xatırladıb.
Hüseynov həmçinin bu hadisələri Almaniyada keçirilən regional təhlükəsizlik konfransında Azərbaycan rəhbərliyinə ünvanladığı suallarla əlaqələndirib. O, həmin tədbirdə Əliyevə və onun həyat yoldaşı, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevaya suallar ünvanladığını deyib.
Emin Hüseynov 2015-ci ildən İsveçrədə yaşayır. O, Azərbaycan hakimiyyətinin saxta ittihamlarla onu həbs etmək cəhdindən sonra aylarla İsveçrə səfirliyində gizlənib və daha sonra diplomatik təyyarə ilə ölkədən çıxarılıb.
Jurnalist Emin Hüseynov Münxen Təhlükəsizlik konfransı çərçivəsində Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanladıqdan bir gün sonra, fevralın 18-də Cenevrədə naməlum şəxslər tərəfindən izlənilməsi barədə video yayıb.
CPJ-nin məlumatına görə, hazırda Azərbaycan dünyada jurnalistləri ən çox həbs edən ölkələrdən biridir və azı 24 jurnalist həbsdədir. Son aylarda Avropa və ABŞ-də yaşayan bir sıra azərbaycanlı jurnalist və bloger qiyabi olaraq uzunmüddətli həbs cəzalarına məhkum edilib.
CPJ Azərbaycan Prezidentinin ofisinə məsələ ilə bağlı sorğu göndərdiyini, lakin cavab almadığını bildirib.