“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə açıq görüşə icazə verilmədiyi bildirilir.
Bu barədə jurnalistin həyat yoldaşı Əsli Əlizadə sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, açıq görüş Nurlan Librenin Ombudsmanla görüşdə Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovdan şikayət etməsindən sonra dayandırılıb:
“Bu gün Nurlanla görüşə getdim, açıq görüşə icazə vermədilər. Ombudsmanla görüşdə təcridxananın rəisi Elnur İsmayılovu şikayət etdikdən sonra açıq görüşü kəsilib, telefon danışığı icazəsi azaldılıb”.
Əsli Əlizadə yazır ki, Ombudsmana təqdim etmək üçün aparılan ərizə və şikayətlər də Nurlanın əlindən alınıb və geri qaytarılmayıb:
“Ombudsmana təqdim etmək üçün apardığı şikayət və ərizələri əlindən alıblar və qaytarılmayıb”.
O, jurnalistin səhhətinin də pisləşdiyini bildirir. Dediyinə görə, uzun müddətdir davam edən aclıq aksiyasının nəticələri artıq özünü göstərir:
“Aclıq aksiyasının fəsadı olaraq başında ağrılar başlayıb, sürətlə çəki itirir. Həkimlər isə yalnız qan analizi götürmək və təzyiq ölçməklə kifayətlənirlər, başqa heç bir tədbir görülmür”.
Əsli Əlizadə baş verənləri insan hüquqları baxımından paradoksal vəziyyət kimi dəyərləndirir:
“Bir ölkə düşünün ki, İnsan hüquqları üzrə müvəkkilə hüquqlarının pozulduğundan şikayət edəsən, amma vəziyyətin yaxşılaşmaq əvəzinə daha da betər olsun. Hara gedəsən, şikayətini kimə deyəsən?”.
Rəsmi qurumlar Əsli Əlizadənin səsləndirdiyi iddialara hələlik münasibət bildirməyib.
Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir.
Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.