“Meydan TV işi”nə görə həbs edilən jurnalist Natiq Cavadlı təcridxanadan yazır:
Əgər Azərbaycan və Ermənistan rəhbərləri Əbu-Dabidə yekun sülh müqaviləsinə doğru addım atıblarsa, 15 il həbsə məhkum edilən Bəhruz Səmədov azadlığa buraxılmalıdır!
Əgər Azərbaycana qarşı separatçılıqda və terrorçuluqda ittiham olunanlar Ermənistana təhvil verilirsə, Bəhruz Səmədovun həbsdə saxlanılmasına ehtiyac yoxdur!
Əgər Azərbaycan və Ermənistan ticarət əlaqələrinin başlanması haqda danışıqlara, vətəndaş cəmiyyəti nümayəndələrinin təmaslarına start verilməsilə razılaşıblarsa, Bəhruz Səmədovu həbsdə saxlamaq acı gülüş doğurur!
Əlbəttə, könül istərdi ki, gəncliyimizi əlimizdən alan, 30 il sürən bu münaqişə olmayaydı, insan taleləri məhv edilməyəydi, iki xalq sülh içində yaşayaydı, lap Baltik xalqları kimi. Ancaq Rusiyanın vəkaləti ilə Ermənistanın Azərbycana qarşı ərazi iddiaları sonucda müharibəyə çevrildi. Nəticədə nəinki Ermənistandakı azərbaycanlılar və Azərbaycandakı ermənilər, bütövlükdə xalqlar fəlakət yaşadı.
Bəli, bu müharibələr olmasaydı, bu gün avtoritar-monarxik rejimdə yaşamazdıq. Ən azı məmur sahibkarlığı yaşanmazdı, məhkəmə və siyasi həyat icra hakimiyyətinin basqısı altında olmazdı, mətbuat da repressiyalara məruz qalmazdı.
Bu gün nə baş verir? Sülhdən danışan Azərbaycan hakimiyyəti ölkə daxilində alternativ mediaya, vətəndaş cəmiyyətinə, müxalif partiyalara qarşı apardığı müharibə ilə onların son qalıqlarını da dəfn edir.
Tarix sübut edib ki, hakimiyyətlərin öz vətəndaşlarına qarşı kin və qəzəb doğuran münasibəti ölkəni tərəqqiyə yox, tənəzzülə aparır. Kapitazilmin dahi tənqidçisi Karl Marks XIX əsrdə yazırdı: “Dövlət öz vətəndaşından cinayətkar düzəltməyə başlayanda özünü şikəst edir”. Bəli, biz azıq, ancaq azlıqda qalanlar dinlənilmirsə bu sabah üçün yaxşı heç nə vəd etmir. Necə olur ki, “Sputnik Azərbaycan”ın redaktorunu “kəşfiyyatçı” adlandırılıb həbs edir, Əliyevlə Putin Düşənbədə görüşəndən sonra onu ölkəsinə buraxırlar? Bəs bu adam barəsində ittihamlar onun ölkədən çıxışına necə “icazə” verdi?!
Suallar yetərincədir, sadəcə onları dinləyib düşünmək üçün siyasi iradəyə ehtiyac var ki, o da yoxdur. Çünki Azərbaycan hakimiyyəti qələbə eyforiyasına elə qapılıb ki, bütün xalqı hər sahədə onun kimi düşünməyə məcbur edir. Total eyniləşmə bəlası – SSRİ-ni çökdürən bəla. Həmin imperiyanın əsarətindən çıxan Azərbaycan onun yaratdığı fəsadlar qarşısında dayanmaq gücündə deyil.
Ədalətli Azərbaycan naminə hamı kimi düşünməyib, fərqli fikirlər eşitmək istəyirəm!
Natiq Cavadlı