“Bir mənbə” üsulu ilə milyonluq tender: Nazir müavini və rəisin adı şirkət sənədlərində

Kollaj: Meydan TV

Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsilinin İnkişafı Fondunun milyonluq müqavilə bağladığı MMC-nin sənədlərində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun adları var.  

Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsilinin İnkişafı Fondu “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə ümumi dəyəri 1 milyon 854 min 370 manat olan iki müqavilə bağlayıb.

Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, müqavilələrdən biri 1 milyon 135 min 750 manat dəyərində olub və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun qısamüddətli təlimlərin təşkili ilə bağlıdır. Digər müqavilə isə 718 min 620 manat məbləğindədir və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində peşə hazırlığı üzrə qısamüddətli təlim kurslarını əhatə edir.

Hər iki satınalma “bir mənbə” metodu ilə həyata keçirilib. Bu üsul dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən müəyyən hallarda – məsələn, alternativ təchizatçı olmadıqda və ya təcili ehtiyac yarandıqda tətbiq edilir. “Bir mənbədən” satınalma rəqabət proseduru keçirilmədən birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi kimi Axundov Emin Əlövsət oğlu göstərilib.

Reyestr məlumatlarının dəyişiklik tarixçəsində isə şirkətin Vüsal Tərlan oğlu Xanlarov tərəfindən təsis edildiyi qeyd olunur. Qanuni təmsilçilərdən biri kimi Samir Qaçay oğlu Məmmədovun adı da sənədlərdə yer alıb.

Vüsal Xanlarov hazırda Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisidir. O, bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib. Xanlarov dövlət sektorunda fəaliyyətindən əvvəl təhsil, informasiya texnologiyaları və mobil telekommunikasiya sahələrində iri miqyaslı informasiya sistemləri və rəqəmsal platformaların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb.

Vüsal Xanlarov və Rəşad Xanlarov qardaşdırlar və “VORX” MMC-nin təsisçiləri kimi göstərilirlər. 2010-cu ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manatdır. Rəşad Xanlarov hazırda Elm və Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiridir. O, bundan əvvəl Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şirkətin rəsmi sənədlərində qanuni təmsilçi kimi qeyd olunan Samir Məmmədov isə 2022-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. O, 2008–2017-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

Reyestr məlumatlarına görə, Samir Məmmədov 2008-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 20 manat olan “HÜSNƏR” MMC-nin təsisçisidir. O, həmçinin “AZ SMART” MMC, “AZ SMART TT” MMC və “ENGİNET İNVEST” MMC şirkətlərinin də təsisçisi kimi qeyd olunur.

Azərbaycan qanunvericiliyinə görə, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya kommersiya qurumlarının icra orqanlarında – direktor, idarə heyəti üzvü və digər icraedici vəzifələrdə təmsil olunması qadağandır. Bununla yanaşı, dövlət qulluqçusunun şirkətdə yalnız pay sahibi kimi passiv iştirakına ümumi qadağa nəzərdə tutulmur. Lakin bu halda maraqların toqquşması və maliyyə məlumatlarının bəyan edilməsi ilə bağlı tələblər qüvvədə qalır.

Ana səhifəAraşdırma“Bir mənbə” üsulu ilə milyonluq tender: Nazir müavini və rəisin adı şirkət sənədlərində