Əliyev: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”

Foto: Azərtac

İlham Əliyev fevralın 26-da Xocalıda memorialın açılışı zamanı çıxışında Ermənistan və bölgədə fəaliyyət göstərmiş separatçı qüvvələrə qarşı sərt bəyanatlar verib.

Prezident bildirib ki, 2020-ci ildən sonra Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq göndərilib:

“Dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir”.

Onun sözlərinə görə, Bakı separatçı qurumun ləğvini və bölgədə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsini tələb edib:

“Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq”.

Əliyev bildirib ki, bu çağırışlara cavab verilməyib və vəziyyət gərginləşib:

“Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 2023-cü ilin anti-terror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər.”

“Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”, – deyə Prezident bildirib.

Əliyev Azərbaycanın hərbi gücünü vurğulayaraq xəbərdarlıq edib:

“Bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin”.

“Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”,- deyə Əliyev çıxışının sonunda bildirib.

Ana səhifəSiyasətƏliyev: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”