Aytac Tapdıq etiraz olaraq həbsxanada görüşə çıxmaqdan imtina edib

Aytac Tapdıq

Fevralın 26-da “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq, Aysel Ümüdova, Xəyalə Ağayeva açıq görüşlərin ləğv olunmasına etiraz olaraq görüşə çıxmaqdan imtina edib.

Bu gün, Aytac Tapdığın görüş günü olduğundan yaxınları təcridxanaya getsə də, onunla görüşə bilməyiblər.

Bu barədə jurnalistlərin yaxınları Meydan TV-yə məlumat verib.

“İndiyədək “açıq görüş” şəklində yaxınlarımızla görüşsək də, bu gündən bizə ancaq şüşə arakəsmə arxasından telefon zəngi ilə görüşə biləcəyimiz deyilir. Bizi indi də yaxınlarımız üzərindən təhdid edirlər. Bu da işgəncənin bir növüdür. Bütün bu təzyiqlər bizim məhkəmə proseslərindəki çıxışlarımızla bağlıdır. Üstəlik deyilir ki, tək bizə yox, bütün məhbuslara açıq görüşü ləğv ediblər. Üzləşdiyimiz bu yeni təzyiqə etiraz olaraq şüşə arakəsmə arxasından görüşə çıxmaqdan imtina edirik”, – deyə Aytac Tapdıq yaxınları ilə telefon danışığı zamanı bildirib.

Fevralın 18-də Meydan TV-nin jurnalistləri Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva təcridxanada zorakılığa məruz qalıb. Təcridxana əməkdaşları otağa daxil olaraq axtarış ediblər. 

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətAytac Tapdıq etiraz olaraq həbsxanada görüşə çıxmaqdan imtina edib