Azərbaycan Ermənistana 4500 ton dizel yanacağı göndərir

Azərbaycandan dizel – Foto: ChatGpt

Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək.

Məlumata görə, yanacaq bu gün, fevralın 25-də dəmir yolu ilə yola salınacaq.

Azərbaycan Ermənistana ötən ilin dekabrından yanacaq göndərməyə başlayıb.

Dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Yanvarın 9-da isə Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 və 956 ton dizel yanacağı alıb, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı yanacaq ixrac edilib.

2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətni paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq. 

Ana səhifəSiyasətAzərbaycan Ermənistana 4500 ton dizel yanacağı göndərir