Cavid Güləliyev məhbusların gözündə…

İllüstrasiya: Chatgpt

“Mən dövlət babayam” deyən rəis müavinin portreti

Penitensiar Xidmətin yüksək rütbəli, perspektivli və gənc zabitlərindən sayılır Cavid Güləliyev. Sosial durumuna, böyüdüyü ailə mühitinə nəzər yetirəndə gənc yaşından belə sürətlə irəliləməsinə, Bakı İstintaq Təcridxanası rəisinin müavini vəzifəsinə qədər gəlməsinə təəccüblənməmək lazımdır. Çünki o, uzun illər Azərbaycan hakimiyyətində təmsil olunan, ölkə sərvətlərini ata malı kimi görən məmurlardan birinin, Etibar Pirverdiyevin bacısı oğludur. Yağ-bal içində böyüyən, həyatı oynadığı oyunlar kimi təsəvvür edən Güləliyev xaricdə təhsil alıb, rus, ingilis dillərində sərbəst danışır.

Özünü oyunda sayan rəis müavini

Cavid Ramiz oğlu Güləliyev xarici görünüşü, çılğınlığı ilə fəxr edən tipik azərbaycanlı kişilərdəndir. Ucaboylu, saçı hər zaman “jeleli” olan Güləliyev daim kamuflyaj – hərbi forma geyinir. Onun hərəkətlərindən də görünür ki, özünü “Counter-Strike” oyununun içində hiss edir. Onu daim əlini tapança tək tutaraq, guya başqalarını güllələdiyinə işarə edirmiş kimi görə bilərsiniz. Onun bu hərəkətləri aydın göstərir ki, o hələ böyüməyib. Bu cür psixologiyada olan şəxslər isə dustaqlara əziyyət verib, BİT rəhbərliyində təmsil olunurlar. Rəis müavini əsasən dayısı ilə fəxr edir. Hələ heç kim onun atası haqqında danışdığını eşitməyib, dayısının adı isə dilindən düşmür…

Vəzifəyə təcrübəylə deyil, arxasındakı gücün sayəsində gələn, “dayının gül balası” elə zənn edir ki, özündən aşağı vəzifəliləri, tabeliyində olanları əzmək zəhmli rəhbər göstəricisidir. O, BİT-də “işgəncə kralı” kimi tanınır və bununla fəxr edir.

“İşgəncə kralı”nın səltənətində

Cavid Güləliyev addımbaşı, “mən boğazıma qədər qanın içərisindəyəm” deyir. Yox, yanlış anlaşılmasın, o da digər imkanlı ailələrin övladları kimi müharibədən yayınıb, bu sözləri isə döydüyü, döydürdüyü məhbuslara işarə vurur. Hətta döydüyü insanlar arasında müharibənin dəhşətlərini yaşamış veteranlar, qazilər də var. Danışdığı ən sevdiyi xatirələri arasında erməni məhbuslara verdiyi işgəncələr üstünlük təşkil edir. Onu rahatlıqla “sadist” adlandırmaq olar. İş yoldaşları üçün yeganə müsbət cəhəti digər müavinlər kimi bic, oyunbaz olmamasıdır. Düşünmədən hərəkət etməsi, tez küyə getməsi də sadalanan xüsusiyyətlərindəndir.

Cavid Güləliyev kişi məhbusların qənimi kimi xarakterizə olunur. Məhbusları qandallayaraq “dubinka” ilə döydüyünü özü də fəxrlə danışır.

İllüstrasiya: Chatgpt

Ən yayğın işgəncə növü dəhlizlərdəki dəmir barmaqlıqlı arakəsmələrə qandallayıb, saatlarla bu vəziyyətdə saxlanılmasıdır.

Deyilənə görə, hazırda siyasi məhbusların, xüsusilə jurnalistlərin saxlanıldığı korpuslarda bu işgəncə növünün qarşısı alınıb. Son belə hadisənin bu il 20 Yanvar – Milli Matəm Günündə baş verdiyi bildirilir. Məhbusların sözlərinə görə, həmin gün 5-ci korpusun 1-ci mərtəbəsində saxlanılan şəxslərdən biri mahnıya qulaq asdığı üçün dəmir barmaqlığa əlləri yuxarıda, ayağı yerdən üzülmüş vəziyyətdə bağladılıb.

Güləliyev üçün bu hal “vətənə sevgi”nin göstəricisidir. O, özünə hörməti də bu cür, təhdid və zorakılıqla tələb edir.

Eqosu gül ləçəyindən də kövrək olan Güləliyevə hansısa mövzuda etirazını bildirmək mümkün deyil. O, bunun kinini saxlayıb, həbsxanadakı formal qaydalardan istifadə edərək, tamaşa qurur və məharətlə onu ifa edir. Güləliyev korpuslarda da tək gəzməyə üstünlük vermir, onun xüsusi qoçu dəstəsi var və xoşuna gəlməyən nəsə olanda, yaxud sadəcə eqosunu tətmin etmək, özünün gücünü, zəhmini təsdiq etmək üçün bu qoçu dəstəni əli qandallı məhbusların üstünə salır. Son vaxtlar o, daha çox rejim rəisinin Arif adlı müavini və ya axtarış-baxış şöbəsinin rəisi Əlibaba Rəhimli ilə gəzir. 

Elə jurnalistlərin otağında “şmon” aparılarkən də qadın tualetinin qapısını açan Əlibaba Rəhimli olub.

Güləliyev bu qoçu dəstədən provokasiya üçün də istifadə edir.

Onlar dustaqlara badalaq verirlər və dustaq rəis müavininin üstünə yıxılır. Bundan sonra o, qoçu dəstəsi ilə birgə dustaqların rezin dəyənəklə başını yarır, işgəncə səviyyəsində döyürlər.

Güləliyev təqsirləndirilən şəxslərdən bəhs edərkən onları “cinayətkarlar” deyə aşağılayır. O, əsgər botinkalarına işarə edərək, məhbusları ayağının altında əzdiyini deməkdən də çəkinmir.

Daha bir fakt: telefonla danışmaq istəyən məhbuslar nəfəsliyə güzgü tutaraq telefon otağına baxmaq istəyərkən, qəflətən Güləliyev orada peyda olub və dustağın əlindən güzgünü alaraq yerə çırpıb. Rəis müavini bu hərəkətləri edərkən ona hörmət edilməsini istəmir, o, zorun dili ilə çıxış edərək özünə biət olunmasını gözləyir.

Rəis müavini onun yanında siqaret çəkməyi belə öz kövrək eqosuna təhqir bilir və həmin məhbusları aşağılayır.

Jurnalistləri güllələmək istədiyini bildirir…

Rəis müavininin siyasi məhbusları, xüsusilə jurnalistləri görməyə gözü yoxdur. 

Hətta bunu açıq deyir: “İxtiyarı mənə versələr, hamısını güllələyərəm”.

Fəxrlə anlatdığı hadisələrdən biri də “Abzas Media” əməkdaşları ilə bağlıdır. Deyir ki, onlar zona etap olunanda hazırlaşmaq üçün yarım saatdan artıq vaxt verməyib, sonra da qadın jurnalistləri zorla “voronok”a mindirib. Etdiklərinin zorakılıq faktı olduğunu xatırladanda isə Cavid Güləliyev özündənrazı halda “mən dövlət babayam” deyib və bu ixtiyarı ona dövlət və müəssisəni idarə edənlərin verdiyini bildirib.

Söyüş, aşağılayıcı ifadələr Güləliyevin leksikonunu təşkil edir. Fevralın 18-də qadın jurnalistlərlə insident zamanı isə o, seksual xarakterli ifadələrdən çəkinməyib, “mənim hər yerdə toxumlarım var”, – deyərək qadınlara münasibətini sərgiləyib.

İllüstrasiya: Chatgpt

Qadınların qorxusu

Rəis müavininin adı qadın korpusunda da vahimə ilə anılır. Korpusun rejim rəsi Təranə Quliyevanın əsas hədə yeridir Güləliyev. Özünü “yaxşı” aparmayan, sözə baxmayan qadın məhbuslar rəis müavininin yanına aparılır. Cavid Güləliyev qadınlara təkcə fiziki zorakılıq göstərmir, həm də söyüşlərlə aşağılayaraq kobud rəftar edir. BİT-dəki məhbus qadınların əksəriyyəti – yaşından və sosial statusundan asılı olaraq – Güləliyevin seksual tacizinə məruz qalır. Ona elə gəlir ki, “mən dövlət babayam” yarlığı altında istənilən qadının yanında cinsi orqanının adını çəkə, qadınlarla münasibətini, qadınlara münasibətini sərgiləyə bilər. Qəribədir ki, bu halda yanında olan qadın işçiləri də saya salmır, kobud ifadələrdən, söyüşdən çəkinmir. Bunu irad tutanda isə, “mənim üçün qadınla kişinin fərqi yoxdur”, “o qadınlar bilmirlər harada işləyirlər?” kimi ifadələr işlədərək, hər kəsi aşağılayır. Baxmayaraq ki, özü “Soliton” mağazalar şəbəkəsinin sahibinin kürəkənidir və bir qız övladı var. 

“Allahın hüzurunda”

Cavid Güləliyev dini inanclı olduğunu, ibadət etdiyini də deyir. Yəni “boğazadək qanın içində” olan adam günün sonunda Allaha əl açır… Onu nə məzlumların ahı, nə də haqqında yazılanların düşündürdüyünü deyir. İstədiyi ixtiyar sahibi olmaqdır. Əmindir ki, cəzasızlıq mühitində onun kimi “işgəncə kralı” yalnız mükafatlandırıla bilər. Cəzasızlıq sistemində heç bir əməlinə görə cəzalandırılmayacağından əmin olan Güləliyev məhbusların qanı ilə  rütbəsindəki ulduzları artırmağa davam edir.

Ana səhifəXəbərlərCavid Güləliyev məhbusların gözündə…