Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində politoloq Ərəstun Oruclu ilə bağlı cinayət işi üzrə yekun qərar açıqlanıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Oruclu barəsində qiyabi hökm oxunub. Məhkəmənin qərarına əsasən, politoloq 8 il müddətinə həbs cəzası alıb.
Əvvəlcə Orucluya qarşı yalnız 281.2-ci maddə üzrə ittiham irəli sürülmüşdü. Daha sonra istintaq materiallarına dəyişiklik edilərək ona Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşlara çağırışlar) maddəsi üzrə də ittiham əlavə olunmuşdu.
Rəsmi məlumata görə, Oruclu istintaqdan yayındığı və ölkə hüdudlarından kənarda yaşadığı üçün barəsində qiyabi icraat aparılıb. Binəqədi Rayon Məhkəməsinin ötən il fevralın 23-də çıxardığı qərarla onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilmişdi.
İttihama əsasən, Ərəstun Oruclu 2023-cü il yanvarın 4-də “YouTube” platformasında yayımlanan “Ərəstun Oruclunun kanalı” adlı verilişdə, eləcə də 2024-cü il oktyabrın 24-də “Azərfreedom TV” kanalında çıxış edərək, mövcud hakimiyyətə qarşı zorakılığa çağırışlar səsləndirib və bu çağırışları yaymaqda iştirak edib.
Bundan öncə mühacirətdə olan jurnalist Qənimət Zahid, tarixçi Altay Göyüşov, blogerlər Tural Sadıqlı, Orduxan Bəbirov (Temirxan), Elşad Abdullayev, Rəfael Piriyev, Qurban Məmmədov və digərləri də oxşar ittihamlarla üzləşiblər.