“Dosta güvən, düşmənə qorxu salır Deko”

Ramin Deko. Foto: Meydan TV

Fevralın 18-də Meydan TV-nin həbsdə olan əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə) doğum günüdür. Bu münasibətlə Meydan TV-nin həbsdə olan əməkdaşı Xəyalə Ağayeva Ramin Dekoya təbrik məktubu yazıb:

“Jurnalist 24 saat aktiv olmalıdır”, – bu Ramin Dekonun  email adresinə yazdığı başlıqdır. Özü 14 aydır ki, xəbərin əhatə dairəsi xaricində olsa da, o bizim media camiəsinin operativlik meyarıdır. Bir komandasınızsa arxayınlıq gətirəcək, rəqib mediadadırsa, tikan üstündə saxlayacaq. Sanki, hadisələr də onunla sövdələşib, baş vermək üçün onu gözləyir :). 

Qısası, dosta güvən, düşmənə qorxu salır Deko. Ömür boyu Nelson Mandelanı həyatını əzbərlədi, 27 illik həbsinə, azadlıq mübarizəsinə qibtə elədi. İndi özü ikinci ad gününü həbsdə qeyd edir. Üstəlik, kumiri ilə ən böyük bənzərlikləri də böyük təmkin, səbir yiyəsi olmalarıdır. 

Mandela yazır ki, bir azadlıq mübarizinin yeri barmaqlıqlar arxasında deyil, xalqının yanındadır. Ardınca, biliklərinin mübarizəyə istifadə olunmaq əvəzinə bir yerə qapanıb qalmasına təəssüflənir. Necə ki, Dekonun bacarıqları həbsxana kamerası ilə sərhədlənib. Özü sevdiyi peşəsinə, xalq da doğru xəbərə həsrət qalıb. 

Ramin Deko əsla çox danışmaz, varlığıyla o an orada olması ilə ortaya qoyar özünü. Bu gün də mübarizəsini azadlıq düşmənlərinin tikanlı məftilləri arasında duruşuyla davam etdirir.

Ana səhifəXəbərlər“Dosta güvən, düşmənə qorxu salır Deko”