“Meydan TV işi”nə görə hazırda həbsdə olan jurnalistlər təcridxanada zorakılığa məruz qalıblar

Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva. Kollaj: Meydan TV

“Meydan TV işi”nə görə hazırda həbsdə olan jurnalistlər Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Xəyalə Ağayeva saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar.

Buna səbəb fevralın 17-də jurnalist Aytac Tapdığın ailəsinə zəng edərək onlara akt tərtib edilməsi barədə məlumat verməsi olub. Bu hadisədən  sonra, bu gün təcridxananın əməkdaşları jurnalistlərin otağına girərək axtarış etməyə başlayıblar.

Aytac Tapdığın anası Dilrubə Amanovanın Meydan TV-yə verdiyi məlumata görə, Bakı İstintaq Təcridxanasının əməkdaşları jurnalistlərə zorakılıq göstərib, bu zaman övladının halı pisləşib.

“Girib otağı “şmon” ediblər, qızlara da zorakılıq göstəriblər. Aytacın da halı pisləşib. Otağın qapısını da içəridən bağlayıblar. Daha sonra “qarmoşkanı” bağlayıblar. İndi Kürdəxanıdayam. Amma Aytacla nə zənglə danışmağa, nə də görüşə icazə vermədilər. Vəziyyətinin necə olduğu barədə məlumatım yoxdur”, – deyə jurnalistin anası bildirib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasət“Meydan TV işi”nə görə hazırda həbsdə olan jurnalistlər təcridxanada zorakılığa məruz qalıblar