“Meydan TV işi” üzrə həbs olunanlar: “Bütün səfirlikləri məhkəməmizə dəvət edirik”

İllüstrasiya: Meydan TV


“Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlər Azərbaycandakı diplomatik korpusa çağırış ediblər. Çağırışı olduğu kimi təqdim edirik:

Biz – “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, xüsusilə Avropa İttifaqının Bakı Ofisinin, ABŞ, Almaniya, Böyük Britaniya və Fransa səfirliklərinin nümayəndələrinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesimizdə iştirak edərək monitorinq aparmasını istəyirik. Çünki müstəqil medianın olmaması və prosesin media tərəfindən vizual işıqlandırılmaması səbəbindən elementar müdafiə hüququmuz pozulur.

Belə ki, prosesə sədrlik edən Aytən Əliyeva özünü əsəbləri yerində olmayan, dinləmə qabiliyyətindən məhrum şəxs kimi aparır, dövlət ittihamçısından başqa heç kimin söz demək haqqını tanımır. Hakim CPM-nin 81.2-ci maddəsinin tələblərini pozur. Bu maddəyə əsasən o, cinayət işinə ədalətlə baxılmasını təmin etməli və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid prosessual tələblərə əməl etməlidir. Hakim Aytən Əliyeva gözləyir ki, onun suallarına yalnız “hə” və ya “yox” cavabı verərək kifayətlənək. Hətta təhdid etməkdən də çəkinmir. 

Qanunda şəxslərin özlərini təqsirli bilib-bilməməsi ilə bağlı münasibət bildirmək, əsaslandırmaq hüququ olduğu halda, Aytən Əliyeva həbsdə olan jurnalistlərə bu imkanı tanımır. Hətta bizim qanuni müdafiəçilərimizi belə danışmağa qoymur, davamlı olaraq “otur yerində”, “sus!” deyə insanların fikirlərini tamamlamağa imkan vermir, etirazlarla qarşılaşdıqda isə prosesi yarımçıq saxlayaraq zalı tərk edir. Bir sözlə, prosesi idarə edə bilməyən hakim Aytən Əliyeva CPM-nin 91.5.13 (etirazlar etmək və vəsatətlər vermək), 91.5.17 (təqsirli və ya təqsirsiz olduğunu bildirmək), 91.5.38 (məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlərə öz fikrini bildirmək), 91.5.39 (cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək) maddələrinin tələblərini pozur. 

Azərbaycan rəsmiləri jurnalistlərin azadlığa buraxılması tələbi ilə olunan çağırışlara “hələ məhkəmə gedir, ədalətli qərar veriləcəyinə inanırıq” cavabını verir. Siz məhkəməyə gəlib monitorinq edərək görə bilərsiniz ki, sadə replika hüququna hörmət edilmədiyi bir məhkəmədən ədalət gözləmək sadəlövhlükdür. 

Anlayırıq ki, bizimlə bağlı qərarları Aytən Əliyeva vermir və bu səbəbdən də bizi dinləməyi özü üçün vaxt itkisi hesab edir. Ancaq hakimiyyət tərəfindən qurulmuş bu tamaşa onun sədrliyi ilə legitimləşdirilir. İlk prosesdən yalnız dövlət ittihamçısı üçün şərait yaradan hakim bununla tərəfini bəlli edir, bizim səs hüququmuzu alır, hətta kobud rəftar edir. 

“Meydan TV işi” üzrə həbs olunanların məhkəməsinin beynəlxalq aləm tərəfindən diqqətdə saxlanılmasını istəyirik və bütün səfirlikləri məhkəməmizə dəvət edirik.

Ana səhifəXəbərlər“Meydan TV işi” üzrə həbs olunanlar: “Bütün səfirlikləri məhkəməmizə dəvət edirik”