“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli sürgün həyatını seçən vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparıb.
Jurnalistin müsahibi barəsində qiyabi həbs seçilmiş Altay Göyüşovdur.
Azərbaycan dövləti son 3 ildə vətəndaş cəmiyyətinin bir hissəsini həbsxanalara, bir hissəsini də xaricə yolladı. Bu tendensiya bizə Sovet təcrübəsini xatırladır. Ötən əsrdə olduğu kimi, indi də repressiyalardan doğan mühacir axını yaranıb.
Təbii ki, hər kəsin sərbəst hərəkət etmək azadlığı və istədiyi yerdə yaşamaq hüququ var. Ancaq iki yoldan birini — həbs və ya emiqrasiyanı seçməlisən. Seçirsənsə, bu sərbəst seçim yox, məcburiyyətdir. Ona görə də indiki köçləri sürgün kimi xarakterizə etmək mümkündür.
“Azərbaycan dövləti niyə qiyabi həbslərə ehtiyac duyur? Cinayət təqibinə məruz qalanlar hansı təhlükələrlə üz-üzədir? Azərbaycan onların ekstradisiyasına nail ola bilərmi?” suallarını cavablandıran tarixçi alim Altay Göyüşovun fikrincə, ehtiyac sistemin mahiyyətindən irəli gəlir.
“Yəni bu sistem qorxu, pislik üzərində qurulub. Həm sistemin gücü, həm də zəifliyidir. Ona görə ki, yaxşılığa doğru dəyişə bilmir. Bu dərhal onun sonunu gətirə bilər”.
“Təhlükə ancaq Azərbaycan hökumətinin kiməsə fiziki hücum təşkil etmək, kimisə oğurlamaq cəhdi şəklində ola bilər. Bundan kənar sadəcə bəzi narahatlıqlar yarana bilər. Sənədlər düzəldəndə yaxud səyahət edərkən. Yəni, bəzi ölkələr var ki, ora getmək məsləhət deyil. Çünki orada Azərbaycan hökumətinin təzyiqi ilə problem ola bilər” ,— Göyüşov deyib.
Onun fikrincə, oturumu olan mühacir statusu alanların isə Qərb ölkələrindən ekstradisiyası mümkün deyil.
“Bəziləri də var ki, Azərbaycan hökuməti heç onların gəlməsini istəmir. Sadəcə artistlik edir”.
Ülviyyə Əlinin digər müsahibi, həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun cinayət işinə görə hava limanından Dövlət Təhlükəsizliyi Xidmətinə ifadə vermək üçün aparılan və xeyli müddət ölkədən çıxışına qadağa qoyulan jurnalist Cavid Ağadır.
Hazırda ölkə xaricində olan Cavid Ağa ölkədən çıxışına qadağa səbəblərindən təhsilini yarımçıq qoymuşdu. Bəs indi o həyatına necə davam edir? Başqa ölkədə sıfırdan həyat qurmaq onun üçün nə deməkdir? Bunun hansı çətinlikləri var?
“Azərbaycandan sonra üç ölkə, dörd ev dəyişdim. Azadlıq radiosundakı işimdən qalmış maaşım hesabına əvvəl dolanmağa çalışdım. Daha əvvəl Slovakiyada 3 aylıq bir rezidensiyada qalmışdım deyə, düşünürdüm ki, inteqrasiya elə çətin olmayacaq. Amma nə vaxtsa ölkəyə qayıdacağımı bilmək və yaşadığın yerə müvəqqəti baxmaqla, reallıqla üzləşib uzun müddət xaricdə olacağını qavramaq tam başqa şeylərdir”, — jurnalist cavabında deyib.
“Mən hələ də anlamaqda çətinlik çəkirəm. Yenidən dost çevrəsi yığmaq, yeni insanlarla tanış olmaq, hamıya eyni hekayəni yenidən danışmaq insanı mental cəhətdən çox yorur”.
“DTX təcrübəsi mənə keçmiş dostlarımı da itirdiyim üçün lap çətin keçir” — deyə Cavid Ağa bildirir. Jurnalist sürgün həyatının çətinliklərindən bəhs edərkən qeyd edir ki, tez-tez yer dəyişmək yorucudur:
“Sürgün həyatı haqda bunu qeyd etməyim yerinə düşər: sürgün mütləq Sibirə göndərilmək mənasına gəlmir. İndiki mənada sürgün bizim seçimimizdir. Gəl bunu ingiliscədən birbaşa tərcümə edək: özünü sürgün, self-exile. Özünü sürgündə olan şəxslər heç də təxmin edildiyi kimi bir kənddə qalmırlar. Yuxarıda dediyim kimi, təkcə mən üç ölkə, dörd ev dəyişdim. Vətəndaş cəmiyyətində adlarını çəkməyəcəyim o qədər adam var ki, üç aydan bir ölkə dəyişirlər. Hər dəfə baqaj yığmaq, hər dəfə kirayə qalmaq, ev tapmaq, qeyri-müəyyənlik asan deyil”.
Cavid Ağa sürgündən bəhs edərkən, 1886-cı ildə Qafqaza səyahət etmiş danimarkalı Olaf Langenin yazdıqlarını xatırladır:
“Sibirdəki sürgün qurbanları heç olmasa öz talelərinə gülərək gedirdilər. Olaf Lange Qafqaza səyahətindən belə yazır: Bir gün Bakı küçələrindən birində Sibirə gedəcək məhbusların daşınmasını gördüm. Orada həm kişilər, həm də qadınlar var idi. Onlar gülür, mahnı oxuyur və zarafatlaşırdılar; əgər kazaklar tərəfindən mühafizə olunmasaydılar və ayaqlarında zəncir olmasaydı, bunun əylənməyə gedən bir truppa olduğunu düşünmək olardı. Qarşıdakı uzun səfərə görə heç bir ümidsizlik hiss olunmurdu.
Bəlkə də qaçmaq ümidi əhval-ruhiyyəni saxlamağa kömək edir və Saxalinə qədər göndərilməyənlər üçün Sibirdən qaçmağın çətin olmadığı deyilir.”
“Bizim belə bir ümidimiz yoxdur” — sərt olsa da deyəcəm: “Ölkədən xaricdə belə olsalar, vətəndaş cəmiyyəti arasında hərc-mərclik bitmir. Resurs azlığı onsuz da bir ovuc olan bir qrupun konsolidasiya olmasına mane olur. Vətəndaş cəmiyyətinin yeganə çıxış yolu şəbəkələşməkdən, qruplaşmaqdan keçir”.
“Mənim pafoslu da olsa, ilk hədəflərimdən biri Avropada alternativ diaspora yaratmaq idi. Lakin xaricdəki azərbaycanlıları gözümdə çox böyütdüyümün fərqinə vardım”, — Cavid Ağa fikrini yekunlaşdırıb.”
11 noyabr 2024-cü ildə Gürcüstanda keçirilən aksiyadan sonra fəaliyyəti Azərbaycan hökuməti tərəfindən ciddi hədəfə alınan hüquqşünas, sülh fəalı Lalə Darçınova bunun səbəblərindən danışıb.
Lalə, barədə hökumətyönlü medialarda qarayaxma kampaniyası aparıldı. Niyə dövlət hətta sülh danışıqlarının apardığı periodda bu fəaliyyətlə məşğul olanlara bu cür münasibət bəsləyir, onların fəaliyyətini qaralamağa çalışır? Sualını cavablandıran sülh fəalı bildirir ki, müstəqil şəkildə sülh qurmağa çalışırsansa, avtomatik İlham Əliyevə də qarşı olursan.
“Əliyev və onun propaqanda rejimi institutlaşmış müxalifəti və “peşələşmiş” aktivistləri hədəfləməkdə maraqlıdır. Bu kateqoriyaya sığmayan hamını da “qaragüruh” adlandırırlar. Mən sadəcə adi azərbaycanlıyam. Burada doğulub böyümüş, sosiallaşmış Laləyəm. Qaragüruh da ola bilərəm. Çünki burada utanılacaq heç bir şey yoxdur. Kasıb olmaq, avam olmaq, qara camaat olmaq, onların dili ilə desək, eyib deyil. Eyib, başqalarını bu rejimin etdiyi kimi istismar edib, insanlara terror etməkdir”.
Əliyevin apardığı propaqanda da budur. Var “elitar vətəndaşlar”. Onlar hakimiyyətə loyaldır. Biri də var “qara güruh”, onlar isə avamdır. Bir də var aktivist, müxalif dəstə. Onlar isə xaricə xidmət edən qullardır. Yəni normal olmaq istəyirsənsə, ancaq loyal ola bilərsən”, — sülh fəalı deyir.
“Niyə Əliyev sülhdən danışsa da sülh istəyən vətəndaşlara qarşı terror törədir? Çünki Əliyev diktatordur. Onun hər şeydən öncə insanları və siyasəti nəzarətdə, əlinin altında saxlamaq maraqlandırır. Ona müstəqil emansipasiya olmuş vətəndaşlar maraqlı deyil. Ona qara güruh diskursu maraqlıdır”, — Darçınova əlavə edir.
Sülh fəalının fikrincə, dövlət sülh tələblərinə dar çərçivədə baxmır, buna rejim əleyhdarı olmaq kimi yanaşır:
“Sülh istəyi təkcə müharibə olmasın, nifrət olmasın, insanlar bir-birini öldürməsin” kimi dar çərçivədə qalmır. Sülh istəyən ölkədə hər sahədə ədalət istəyir. Qarabağa məcburi köçkünlərin qayıtmasını istəyir isə, orada da insan kimi yaşamalarını istəməlidir. Azərbaycanda insanlar hətta işğal olunmayan ərazilərdə belə insan kimi yaşamırsa, guya yeni ərazilərdə nə dəyişəcək?”.
“Ona görə də sülhlə müstəqil şəkildə məşğul olan insan həm də bu rejimə qarşı olur, özünə və digərlərinə qarşı ədalət tələb edir. Əlbəttə ki, rejim üçün bu cür insanlar maraqlı deyil. Onlar təhlükə mənbəyidir, radikaldır, qaragüruhdur və onun yaratdığı boğucu sabitliyə təhdiddir. Çünki bu ölkədə müstəqil fikir sahibi olmaq və müstəqil şəkildə nəsə etmək bir mövzuya bağlı tək-tək hadisələr deyil. Bunlar bir-biri ilə əlaqəli şəkildə mövcuddur”.
Lalə Darçınova Azərbaycan hökumətinin “qara siyahı”sına 2023-cü ildən düşdüyünü düşünür:
“Ailəmə təzyiqlər oldu. Anamı işdən çıxardılar. O zaman çalışdığım ermənilərlə azərbaycanlıların birgə yaratdığı təşkilatdan radikal və təhlükə mənbəyi kimi görünərək uzaqlaşdırıldım. Gülməli olsa da, Azərbaycanda radikal olmaq məqalə yazıb, müsahibə almaqdan ibarətdir. Bunların hamısı isə aydındır ki, birbaşa administrasiyadan koordinasiya edilmiş addımlar və təzyiqlər idi. Amma onu da qeyd edim ki, repressiya təkcə birbaşa yolla işləmir, həm də dolayı yolla güvəndiyimiz, iş görməyə çalışdığımız institutlar və təşkilatların bu repressiyanı normallaşdırılması vasitəsi ilə daha çox vüsət alır”.
Sülh fəalı qarşılaşdığı təzyiqlərdən sonra bir daha Azərbaycana qayıda bilməməyin ona necə hiss etdirdiyindən söz açıb:
“Mən ölkədən 2023-cü ilin yayında doktorantura təhsilimə başlayırdım deyə çıxmışdım. Və ağlımda ölkədən həmişəlik gedərəm kimi bir fikrim yox idi. Lakin o zaman artıq Qarabağın blokadası ilə bağlı mövqe bildirənlərdən biri olmuşdum deyə, ölkədən yəqin ilk təlaş hissi ilə çıxanlardan idim. Çünki sərhəddə nə baş verəcəkdi bilmirdim. Amma baş verənləri də bir növ qəbullanmışdım. Hansı ölkədə, nə iş gördüyümü şüurlu şəkildə dərk edirdim”.
“Bu mənim seçimim deyildi. Diktaturada yaşaya-yaşaya baş verənlərə susmaq və ya susmamaq seçim deyil. Ümumiyyətlə insanın məcbur seçimlər arasında qalması seçim yox, seçimin illüziyasıdır. Həmin gün ölkədən çıxanda heç bilmirdim bir daha ölkəyə qayıda bilməyəcəm. Sürgündə olduğumu yavaş-yavaş artıq köçdüyüm ölkədə dərk etməyə başladım. Doktoranturanı bitirdikdən sonra həyatım necə olacaq bilmirəm. Ondan sonranı düşünmək çətindir. Həyatımın 28 ilini Bakıda yaşamışam. Hazırda 31 yaşım var və bundan sonra nə olacaq bilmirəm. Heç vaxt Avropada yaşamaq arzum olmayıb”, — Lalə Darçınova deyir.
Darçınova sürgünün könüllü seçim olmadığı ilə yanaşı, repressiv strukturu gözardı etməmək olduğunu bildirib.
“Diktator sənin əlindən öz ölkəndə siyasətlə məşğul olmağı, istədiyin mahnını oxumağı, roman yazmağı, istədiyin dildə danışmağı, istədiyin məkana getməyi, ən bəsit şeyləri, bir sözlə yaşamağı əlindən alıb səni iki seçim qarşısında qoyursa — ya ol, ya öl. Belə seçim olmur. Liberalların da ən çox sevdiyi arqumentdir ki, seçim sənin şəxsi seçimindir. Sanki fərd vakuumda yaşayır. Sosial münasibətlərin heç bir təsiri yoxdur. Bu elə bil ki, bir monopolistin, məsələn Coca-Cola şirkətinin bütün şirin suları alıb, adlarını Pepsi, Fanta qoyub, sonda buna seçim illüziyası verməsidir. Əgər belə seçimdən söhbət gedirsə, biz buna seçim adı qoyuruqsa, o zaman könüllü sürgündəyəm”.
Sülh fəalı hesab edir ki, azadlıqda olan hamının siyasi məhbuslara dayanmayıb, mübarizəyə davam etmək borcu var:
“Bu mübarizə müxtəlif formalarda ola bilər. Kimsə AŞPA-da aktiv ola bilər, kimsə akademiyada, kimsə sosial hesablarda. Əsas odur ki, bu gün Azərbaycanın 1920-ci ildən sonra ilk dəfə siyasi proqressiv mühacirəti var. Və bu mühacirətin 400 siyasi məhbusa mübarizə borcu var.”