Rüfət Səfərov: “Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 1 il 3 aydır həbsdə olan “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.

AzadlıqRadiosu xəbər verir ki, Rüfət Səfərov məhkəməmə prosesində deyib ki, siyasi sifarişlə həbs olunduğuna görə məhkəmədən ədalətli hökm gözləntisi yoxdur. İstədiyi budur ki, ittihamın saxtalığını, cinayət işində yazılanların yalan olduğunu göstərməyə prokuror və hakimlər imkan versin.

Yanvarın 26-da keçirilən əvvəlki iclasda prokurorla R.Səfərov arasında gərginlik yaranmış, hakimlər prosesi yarımçıq saxlamışdılar. Əvvəlki iclaslarda vəkillərinin yanında oturan hüquq müdafiəçisi bu dəfə məhkəmə zalında şüşə kabinəyə yerləşdirilib. Bu addım əvvəlki iclasda yaşanan insidentlə əsaslandırılıb. R.Səfərov bildirib ki, onun üçün harada saxlanmasının fərqi yoxdur. Hüquq müdafiəçisi vurğulayıb ki, prokuror, hakimlər də daxil, hər kəs onun siyasi sifarişlə həbs olunduğunu yaxşı bilir:

“Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm. Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur. Məhkəmə başlanandan bircə dənə tutarlı dəlil ortaya qoyulmayıb. İki ildir dostlarımdan, ailəmdən təcrid olunmuşam. Mənim də psixoloji durumumu başa düşün”.

R.Səfərov vurğulayıb ki, bu gün başqalarının həbsinə sifariş verən və bunu icra edənlərin özlərinin də sabahı sığortalı deyil. Sonra 1995-2000-ci illərdə baş prokuror, ardından, Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir olmuş Eldar Həsənovun 2020-ci ildəki həbsini yada salan R.Səfərov E.Həsənov məhkəmədə hüquqlarının pozulmasından şikayətlənərkən, hüquqqoruyucu kimi, onu müdafiə etdiyini vurğulayıb:

“Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”.

Hüquq müdafiəçisi haqqında ittihamda yazılıb ki, o, Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alsa da, nə torpaq satıb, nə də pulunu geri qaytarıb. İddia olunur ki, bu üzdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovgilin yaşadığı binanın qarajına gəlib, ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava düşüb. Nəticədə R.Səfərov ona xəsarət yetirib. Fevralın 16-da məhkəmədə qarajın gözətçisi Eldar Hacıyev şahid qismində dindirilib. O, ifadə verməyə başlamazdan öncə R.Səfərov ona deyib:

“Eldar dayı, bilirəm, sizi iki gün aparıb saxlayıblar, incidiblər. Necə istəyirsiniz, elə də danışın, təki sizi incitməsinlər, məni düşünməyin…”.

E.Hacıyev ifadəsində bildirib ki, qarajda R.Səfərovla N.İmanquliyevin davasının şahidi olmayıb. O, səs-küy eşidib gələndə artıq polislər Rüfəti saxlamışdılar. E.Hacıyev vəkil Rövşanə Rəhimlinin suallarını cavablayarkən əlavə edib ki, ardından dörd nəfər maskalı polis onun özünü də maşına mindirib idarəyə aparıb və orada iki gün saxlayıblar.

R.Səfərov və vəkilləri pul verdiyini iddia edən və bu işdə zərərçəkmiş qismində tanınan N.İmanquliyevin gəlirlərinin araşdırılması üçün vəsatət verərək, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsini istəyiblər.

N.İmanquliyev iddia edir ki, Novxanıda əvvəl 60 min manata torpaq sahəsi alıb. Daha sonra həmin torpaq sahəsinin yanındakı ərazini də almaq fikrinə düşüb və bu məqsədlə R.Səfərova 60 min manat verib. R.Səfərov isə həbs olunduğu günədək heç vaxt N.İmanquliyevlə görüşmədiyini və ondan pul almadığını, ilk dəfə tutulduğu gün qarajda maşından düşərkən bu şəxsin qəfil ona hücum çəkdiyini deyir.

R.Səfərov N.İmanquliyevin narkotik istifadəçisi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Narkoloji Mərkəzə sorğu göndərilməsi barədə də vəsatət qaldırıb:

“Mən özüm də müstəntiq işləmişəm, insanın davranışları onun haqqında çox şey deyir”.

Məhkəmə hər iki sorğunu göndərməyə razılıq verib.

Martın 2-də keçiriləcək növbəti məhkəmə iclasında E.Hacıyevin dindirilməsi davam edəcək.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.  Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.

Ana səhifəSiyasətRüfət Səfərov: “Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”